"Fransanın dənizaşırı ərazilərdəki siyasətini müzakirə edərkən, bu bölgələrin xüsusilə müstəmləkə, iqtisadi asılılıq və sosial bərabərsizliyə görə üzləşdiyi vəziyyəti bilmək çox vacibdir".
Kriminal.Az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda keçirilən beynəlxalq konfransda Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib
Onun sözlərinə görə, 1848-ci ildə köləliyin ləğvindən sonra fransızlar müstəmləkə siyasətini davam etdirib:
"Bu istismar adalarda uzun illər davam edən sosial və iqtisadi bərabərsizliyin əsasını qoyub. 1946-cı ildə ada Fransanın xarici departamentinə çevrildikdən sonra belə bərabərsizlik aradan qalxmadı, əvəzinə daha da dərinləşdi. 20-ci əsrin ortalarında imperialist ölkələrdən müstəqillik qazanan bir çox Afrika xalqları kimi, Reyunyonun da müstəmləkədən xarici departamentə keçidi vəd edilmiş bərabərliyi yenə də gətirmədi".
"Reyunyondakı müstəmləkə idarəçiliyi təkcə istismar xarakteri daşımır, həm də yerli əhalinin ləyaqətinə və muxtariyyətinə etinasızlıq ilə xarakterizə olunur. Fransız hakimiyyət orqanları yerli mədəniyyəti və adət-ənənələri sistematik şəkildə sıxışdırıb, fransız dilini və təhsil sistemini tətbiq etməklə yanaşı, adanın ana dili - kreol dilinin də istifadəsinə mane olur.
Əhalinin əksəriyyəti yüksək işsizlik, yoxsulluq və imkanların olmaması ilə mübarizə aparmaqda davam edir. Adada gənclərin 60%-i işsizdir. Bu, sadəcə olaraq iqtisadi problem deyil, kökü adanın müstəmləkə keçmişinə dayanan sosial problemdir. Lakin bu çətinliklərə baxmayaraq, Reyunyon əhalisi müqavimət göstərməkdə davam edir", - deyə deputat vurğulayıb.
Mərahim Nəsib