Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Kriminal.Az "Report"a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə son iki şahid ifadə verib.
Şahid Xuraman Abbasova bildirib ki, "Medera Hospital"da xadimə işləyir. Onun sözlərinə görə, hadisə baş verən gün işdə olub.
"Ağadadaş Ağayev nalayiq ifadələr işlədə-işlədə xəstəxanaya yaxınlaşırdı. Baltanı atmağının da şahidi oldum. Ağadadaş müəllim bayırdan baltanı atdı, Nəzakət xanıma dəydi. Həmin vaxt Nəzakət xanım biraz içəridə dayanmışdı".
Ağadadaş Ağayevin vəkili Asim Abbasov şahidin ibtidai istintaqa və məhkəmədə verdiyi ifadələri arasında ziddiyyət olduğunu bildirib.
Şahidin ifadəsi Ağadadaş Ağayevi də hiddətləndirib. Belə ki, xalq artisti ona bir neçə sual ünvanlayıb: "Siz deyirsiniz balta birbaşa Nəzakət xanıma dəyib, amma yalan danışırsız. Əlimizdə videogörüntülər var, oradan məlumdur ki, balta birbaşa Nəzakət xanıma dəyməyib. Hüquq-mühafizə orqanları sizin ifadənizi araşdıracaq. Yalan danışdığınıza görə məsuliyyət daşıyırsız".
Prosesdə şahid qismində ifadə verən "Medera Hospital"ın xəzinədarı Güldəstə Aşurlunun sözlərinə görə, həmin gün işə gələrkən Ağadadaş Ağayevin balta ilə arxasınca gəldiyinin şahidi olub:
"İçəri daxil olanda bir nəfərin nalayiq ifadələr işlədə-işlədə Nurəddinə yaxınlaşdığını gördüm, Ağadadaş Ağayev olduğunu bilmirdim. Onlar həm qarşılıqlı dava edir, həm də söyüş söyürdülər. Ağadadaş Ağayev baltanı atanda Nəzakət xanıma dəydi. Sonra Nurəddinin üzünün qanlı olduğunun və təcili yardıma yaxınlaşdığının şahidi oldum. Həmin vaxt təşviş içində idik, özümüzü müdafiə etmək üçün hadisə yerindən kənar dururduq. Ona görə də, hadisə tam yadımda qalmayıb".
Təqsirləndirilən şəxsin vəkili Asim Abbasov bu şahidin də ibtidai istintaqa verdiyi və məhkəmədəki ifadəsi arasında ziddiyyətli məqamların olduğunu deyib. Şahid Güldəstə Aşurlu bunu hadisədən keçən müddətlə əlaqəndirib. O deyib ki, bir neçə ay keçdiyi üçün təfərrüatlar tam yadında qalmayıb.
Bununla da xalq artistinin cinayət işi üzrə şahid ifadələri yekunlaşıb. Belə ki, növbəti prosesdə sənədlər tədqiq olunacaq. Ağadadaş Ağayev barəsində cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclaslarda yekunlaşacağı da gözlənilir.
Məhkəmənin növbəti iclası yanvarın 30-da keçiriləcək.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı tərəflər barışıblar. Həmçinin Ağadadaş Ağayevin "Medera Hospital"a, eləcə də tibb mərkəzinin xalq artistinə qarşı qaldırdığı mülki iddiaya da xitam verilib.
Lakin həm Ağadadaş Ağayevin, həm də Nurəddin Cəlilovun barəsində açılan cinayət işləri üzrə məhkəmə prosesləri davam edir.
Xatırladaq ki, hadisə ötən ilin iyul ayında baş verib.
Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.
Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.
Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.