"Son 30 ildə torpaqlarımızın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz 2020-ci ildə İkinci Qarabağ-Vətən Müharibəsindən sonra, 2023-cü ildə ərazi bütövlüyü, suverenliyimizin tam bərpa olunması ilə taclandı və beləliklə də bu günə qədər Azərbaycan xalqına qarşı törədilmiş bütün vəhşiliklərin, soyqırımların qisası alındı, şəhidlərimizin qanı yerdə qalmadı".
Kriminal.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib.
"Lakin, bunlara baxmayaraq biz qan yaddaşımızı, tarixdə Azərbaycan xalqına qarşı tutulmuş divanları, törədilmiş soyqırım aktlarını unutmamalı, bu faciələrin yeni, gənc, vətənpərvər ruhda yetişən nəsilə çatdırılmasında hərtərəfli fəaliyyət göstərməli, eyni zamanda tariximizdə, ədəbiyyatımızda, folklorumuzda, bütövlükdə mədəniyyətimizdə hər zaman bu işlərə yer verməli, bu tarixi nəsildən-nəsilə ötürərək xalqımızın belə faciələri yaşamasına bir daha yol verməməliyik", - deputat bildirib.
Onun sözlərinə görə, İkinci Dünya Müharibəsindən etibarən tarixin ən fəlakətli soyqırımları həyata keçirilib. "Almanların yəhudilərə qarşı Holokostu, Bosniyadakı etnik təmizləmələr və Ruandadakı qırğınlar tarixin qanlı səhifələrinə çevrilib. Təəssüflər olsun ki, sülh və bəşəriyyətin əleyhinə olan cinayətlər müasir dövrümüzdə də davam edib və Azərbaycanın tarixində də qanlı yaraya çevrilib.
Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklərdən biri də məhz Xocalı soyqırımıdır. 32 il əvvəl, 1992-ci ilin fevral ayında törədilmiş soyqırım zamanı 106-ı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1 275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edilib. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edilib, onlardan 76 nəfəri uşaq olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Şəhərin işğalı nəticəsində sosial-məişət obyektləri, fərdi yaşayış binaları ilə yanaşı, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb.
Beləliklə, insanlarımız heç bir əxlaqa sığmayan işgəncələrə məruz qalıblar, beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə tapdalanıb. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan edən Ulu Öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zərurliyini vurğulayıb, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün əməli səy göstərib", - deputat deyib.
O əlavə edib ki, bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır.
"Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir" deyən Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etdi. Daha sonra Azərbaycan Prezidentinin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildi. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, eləcə də bu soyqırımına obyektiv qiymətin verilməsi istiqamətində bu gün də davamlı olaraq addımlar atılmaqdadır. Bu işi 2008-ci ildən etibarən "Xocalıya Ədalət" adlı beynəlxalq kampaniya çərçivəsində geniş təbliğ edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva öz ardıcıl əməyi ilə gənc nəslimizi bu faciə barədə məlumatları beynəlxalq aləmdə daha çox yaymağa həvəsləndirib. Bu gün kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. Yüzminlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.
Bu il "Konstitusiya və Suverenlik İli"ndə Azərbaycan xalqı Xocalı soyqırımını, həlak olan insanlarımızın əziz xatirəsini yeni bir dövrdə yad edir. Bir tərəfdən təskinliklə qəhrəman övladlarımızın şücaətindən bəhs edərək şəhidlərimizin ruhunu şad edir, onların adlarının əbədiləşdirilməsini həyata keçiririk, digər bir tərəfdən isə işğaldan azad edilmiş torpaqlarımıza "Boyük Qayıdış"a şahidlik edirik. Qürurverici haldır ki, öz doğma yurdundan, dədə-baba torpaqlarından didərgin düşmüş xocalılılar qürurla, fəxarətlə öz evlərinə qayıdırlar.
Görülən işlər çərçivəsində 26 fevral 2024-cü il tarixində Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin işğaldan azad olunmuş Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyması həmin faciədə dünyasını dəyişmiş soydaşlarımıza bütün Azərbaycan xalqının ehtiramının təzahürü idi. Bu gün qalib xalqın yeganə istəyi, Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması və Xocalı cinayətinin qatillərinin öz cəzalarını alması, yalnız o qanlı gecədə qurban olan insanların hüquqlarının yerinə yetirilməsi deyil, həmçinin gələcəkdə insanlığa qarşı baş verə biləcək soyqırımların və qırğınların qarşısının alınmasıdır" - o bildirib.