"Avropa İttifaqının müşahidə missiyası Qərbin Ermənistanda təsir imkanlarının formalaşdırılması və gücləndirilməsidir. Bu mənada Aİ-nin Ermənistanda yerləşdirilən müşahidə missiyası adı altında fəaliyyət göstərən nümayəndələrinin əsas vəzifəsi ilk növbədə ölkə daxilində ictimai, siyasi, sosial və digər sferalarda əlaqələri və imkanları genişləndirmək, gələcəkdə yaranan ilk fürsətdə İrəvanın Avropaya inteqrasiyasını tam şəkildə təmin etməkdir".
Bunu Kriminal.Az-a açıqlamasında hərbi şərhçi Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, burada daxili auditoriyaya hesablanmış addımlar da var ki, bunlardan biri də Aİ-nin müşahidə missiyasının anti-Azərbaycan fəaliyyətidir:
"Əlbəttə, bu fəaliyyət Ermənistan tərəfindən rəğbətlə qarşılanır. Bu fəaliyyət həm də anti-Rusiya formatının dəstəklənməsinə xidmət edir. Onlar şərti sərhədə gəlirlər, binokl ilə əraziləri müşahidə edirlər, daha sonra geri qayıdırlar. Buna baxmayaraq, sözdə bitərəf mövqe tutsalar belə, heç bir hesabat təqdim etmirlər. Bu o deməkdir ki, Aİ-nin müşahidə missiyasının başlıca məqsədi sadəcə olaraq Ermənistanda qalmaq və verilən tapşırıqların icrasını təmin etməkdir".
"Amma bu missiya yalnız şərti sərhəd ərazilərə gəlib sözdə monitorinq aparmır, həm də Azərbaycan əleyhinə əməli addımlar atır. Hesab edirəm ki, bu proses həm də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlara qarşı da mənfi tendensiya kimi dəyərləndirilməlidir", - deyə ekspert əlavə edib.
Mərahim Nəsib