Nizami Kino Mərkəzində "Xocalı. Son toy..." filminin təqdimat mərasimi keçirilib.
Kriminal.Az xəbər verir ki, "Global Media Group"un və "Report" İnformasiya Agentliyinin birlikdə ərsəyə gətirdiyi "Xocalı. Son toy..." bədii-sənədli filminin süjet xətti 33 il öncə ermənilərin Xocalını atəşə tutması nəticəsində yarımçıq qalan sonuncu toy mərasiminə əsaslanır.
1992-ci ildə baş verən və bəşər tarixinin ən qanlı hadisələrindən birinə çevrilən Xocalı soyqırımı insanlıq faciəsi olmaqla yanaşı, həm də neçə-neçə insanın, ailənin sevincini əlindən alıb, əbədi ağrıya çevrilib.
"Xocalı. Son toy..." bədii-sənədli filmində də illər öncə "Vağzalı"sı yarımçıq qalan toyun sədaları yenidən eşidilir, azad-abad Xocalı yenidən toy-bayram əhvali-ruhiyyəsinə bürünür.
Filmin prodüseri Fuad Hüseynəliyev Kriminal.Az-a açıqlamasında bu fikirləri səsləndirib:
"Düşünürük ki, maraqlı ekran əsəri alınıb. Ekran işində xalqımızın keşməkeşli tarixinin ən ağrılı səhifəsi olan Xocalı yarasının məhz bu toyun fonunda yenidən sevincə, pozitiv gələcəyə köklənməsi əksini tapır.
Bu film kommersiya layihəsi deyil, amma geniş ekranlarda təqdim etmək istəyirik: kinoteatrlar və televiziyalarda".
Filmin ideya və ssenari müəllifi Niyam Şirinov qeyd edib ki, hər il 26 fevralda yayılan məşhur fotolardan biri olan Xocalıdakı son toydan ilhamlanaraq axtarışa çıxıblar:
"Həmin toydakı bəy və gəlinin sağ olub-olmadıqları ilə bağlı müxtəlif fərziyyələr var idi. Bəzi insanlar elə bilirdilər ki, o toyda iştirak edən şəxslərin hamısı şəhid olublar və ya əsir götürülüblər. Amma heç kim aqibətlərinin necə olduqlarını bilmirdi. 2020-ci ildə fevral ayının 26-da təsadüf nəticəsində gəlini tapdım. Həmin gəlindən müsahibə aldım. Məlum oldu ki, bəy və gəlin sağdır. Fotoda görünən şəxslərdən bir neçə nəfərin şəhid olduğunu bizə dedilər. Mən isə onlara söz vermişdim ki, biz söhbətimizi torpaqlarımız işğaldan azad olunandan sonra Xocalıda davam etdirəcəyik. Elə həmin ilin sentyabrında Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz əks-hücum əməliyyatını icra etdi. Torpaqlarımız işğaldan azad olunandan sonra ötən il Xocalıda bu filmi çəkdik".
O əlavə edib ki, yarımçıq qalan toyun bəyi Vasif Qafarov və gəlini Dürdanə Məmmədova, eləcə də həmin toyda iştirak edən digər qonaqlar, qohumlar, həmçinin musiqi heyəti illər sonra yenidən doğma ata-baba yurdlarına gələrək toy mərasimini davam etdiriblər:
"Xocalı sakinlərinin yenidən doğma yurdlarına dönüşünü əyani formada nümayiş etdirilir. 32 ildən sonra Xocalıda həmin "Vağzalı"nı səsləndirdik".
Yarımçıq qalan toyun bəyi Vasif Qafarov da Kriminal.Az-a açıqlama verib:
"Yarımçıq qalan toyun 32 il sonra davamını çəkmək bizim üçün çox təsirli oldu. Bu toyun hekayəsi də bir fotodan başlayır. Niyam Şirinovla tanış olanda dedi ki, "bacaracağıq, çəkəcəyik", nəticədə çəkdik. İdeyanı ilk eşidəndə razılaşmadım, çünki yaş fərqi var idi. Sonradan filmin mahiyyətini izah etdilər, anladım. Erməni işğalçılarının vəhşiliklərini münayiş etdirən nə qədər film çəksək, azdır. Yoldaşım da Xocalıya qayıdanda ağladı".
Filmin quruluşçu rejissoru Yusif Ələkbərzadə isə bildirib ki, filmin ideyası 1992-ci il 18 yanvarındakı sözügedən toyun fotosundan ilhamlanaraq gerçəkləşib:
"Ekran işi Xocalıda yarımçıq qalan toyu, bundan sonra baş verən prosesləri və günümüzü özündə ehtiva edir. Sözügedən toyda çəkilən ağ-qara foto yenidən Zəfər bayrağı sancılmış azad Xocalıda həmin fotonun rənglənmiş variantı ilə canlandırılır ki, bu da Xocalının yenidən dirçəlməsini, yeni nəfəs tapmasını tərənnüm edir.
Filmin real kadrları Xocalıda, bədii hissəsi isə Ağsuda lentə alınıb".
Xatırladaq ki, filmin layihə rəhbəri "Global Media Group" İdarə Heyətinin sədri Elnur Nazim oğlu Abdullayev, ideya və ssenari müəllifi Niyam Şirinov, quruluşçu rejissoru Yusif Ələkbərzadə, prodüseri isə Fuad Hüseynəliyevdir.

Məhərrəm Əliyev