"Euronews" telekanalında "Focus" verilişinin növbəti buraxılışı martın 13-15-də Bakıda keçirilən XII Qlobal Bakı Forumuna həsr olunub.
Oxu.Az xəbər verir ki, forum haqqında videosüjet telekanalın saytında dərc edilib.
Süjetdə qeyd olunub ki, "XII Qlobal Bakı Forumu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında vacib qlobal problemlərin müzakirəsi üçün yüksəkvəzifəli dövlət rəsmilərini və siyasətçiləri bir araya gətirib.
Reportajda göstərilib ki, forumdakı müzakirələr Avropa İttifaqının genişlənməsi, Cənubi Qafqazda regional təhlükəsizlik kimi mövzular ətrafında cəmləşib.
"Liderlər daha sıx beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıblar. Albaniya öz Avropa istəklərini təsdiqlədi, ekspertlər isə Qərbi Balkan ölkələrində sabitliyin vacibliyini diqqətə çatdırıblar", - deyə "Euronews"un süjetində qeyd olunub.
Telekanal, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibənin kadrlarını təqdim edib ki, burada Azərbaycan lideri Cənubi Qafqaz təhlükəsizlik mexanizminin yaradılmasının vacibliyini vurğulayıb.
"Əlbəttə, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq", - deyə telekanal Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibədən bir parçanı təqdim edib.
