kriminal.az
Mark Zukerberq ABŞ-da Mark Zukerberqi məhkəməyə verdi

ABŞ-ın İndiana ştatında yaşayan vəkil ABŞ-da "Meta" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. 

Kriminal.az Valyuta.az-a istinadən xəbər verir ki, o, sosial şəbəkə "Facebook"da açdığı şəxsi və peşəkar hesablarının dəfələrlə bağlanmasından şikayətçidir.

"NBC News"un məlumatına görə, vəkil Mark Zukerberq illərdir "Facebook"un qurucusu və "Meta"nın baş icraçı direktoru Mark Zukerberq ilə eyni ad və soyad daşıdığı üçün peşə həyatında çətinliklərlə üzləşir. O bildirib ki, tanınmış şəxsləri təqlid etmək arqumenti ilə 10-dan çox dəfə bağlanan hesablarının yenidən açılması üçün etdiyi müraciətlər nəticəsiz qalıb. Vəkilin sözlərinə görə, hesabların bağlanması onun hüquq xidmətlərini tanıtmasına, müştəriləri ilə əlaqəsinə mane olub və nəticədə minlərlə dollar zərərə düşüb.

Vəkil Mark Zukerberq məhkəməyə təqdim etdiyi iddiada həm hesablarının bərpasını, həm də itirilmiş reklam gəlirlərinin ödənilməsini tələb edir. O, adaş olmağı sadəcə təsadüf deyil, "kabus" kimi qiymətləndirib və zarafatla əlavə edib: "Əgər Mark Zukerberq bura gəlib şəxsən üzr istəsə və ya yaxtasında bir həftə vaxt keçirməyimə icazə versə, bu təklifi nəzərdən keçirə bilərəm".

Şirkətin nümayəndəsi isə açıqlamasında vəkilin hesabının səhvən bağlandığını və yenidən aktivləşdirildiyini bildirib.

Top
0.064797878265381