Avqust ayında dünya üzrə ət qiymətləri yeni rekorda yüksəlib. Bu artıma ABŞ və Çində mal ətinə yüksək tələbat, həmçinin ümumilikdə iri buynuzlu heyvanların sayının azalması təsir göstərib.
Kriminal.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
İyul ayında qeydə alınan əvvəlki rekord avqust göstəriciləri ilə yenilənib. Ət istehsalını məhdudlaşdıran əsas problemlər iqlim dəyişikliyi və xəstəliklərdir.
Nəticədə bəzi ölkələrdə inflyasiya daha da dərinləşib. Məsələn, Avropa İttifaqının əsas ət ixracatçılarından biri olan Böyük Britaniyada iyul ayında mal və dana əti qiymətləri ötən ilin göstəricilərindən təxminən 25 faiz yüksək olub.
ABŞ-da inək sürülərinin sayı son onilliklərin ən aşağı səviyyəsinə düşüb. Dünyanın aparıcı ixracatçısı Braziliyada da mal-qaranın sayı azalır. Eyni zamanda, qeyri-sabit hava şəraiti sürülərin bərpasını çətinləşdirir.
Qiymət artımına təsir edən əlavə amil süd məhsullarının bahalaşmasıdır. Kərə yağı və pendirin yüksək qiymətləri fonunda fermerlər üçün inəkləri ət üçün kəsmək sərfəli deyil.
2025-ci ilin yayı Böyük Britaniyada fermerlər üçün ən çətin dövrlərdən biri olub. Ölkədə müşahidələrin bütün tarixi ərzində ən yüksək temperatur qeydə alınıb. Bunun nəticəsində otlaq sahələri günəşin yandırdığı quru düzənliyə çevrilib. Fermerlər inəkləri qış üçün saxladıqları yemlə bəsləməyə məcbur qalıb və ciddi zərər görüb.(qaynarinfo)