kriminal.az
Qazaxıstanın nümayəndə heyəti SPECA həftəsi çərçivəsində keçirilən sərgi ilə tanış olub - FOTO

Ölkəmizdə səfərdə olan Qazaxıstanın nümayəndə heyəti Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və iqtisadiyyat naziri Mikayıl Cabbarovla birlikdə noyabrın 24-də Bakı Ekspo Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” sərgisi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, qonaqlara sərgi barədə məlumat verilib. Bildirilib ki, sərgidə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər, ərazilərin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyanın, dayanıqlı inkişafın təmin olunması, ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edilir.

Həmçinin qeyd olunub ki, bu sərgidə Ümummilli Lider Heydər Əliyevə həsr edilən xüsusi stend də nümayiş olunur. Burada Ulu Öndərin 100 illiyinə həsr olunmuş videoçarx, Ulu Öndərin həyat və yaradıcılığından bəhs edən 11 kitabın nüsxəsi və markalar təqdim edilir. Bundan başqa, stenddə “AzerGold” QSC tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə istehsal edilən “100 il və onun fövqündə bir irs” adlı qızıl sikkə də nümayiş etdirilir.

Şahin Mustafayev, Mikayıl Cabbarov və qazaxıstanlı qonaqlar SPECA-nın üzv dövlətlərinin - Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın, Türkmənistanın və Özbəkistanın stendləri ilə tanış olub, stendlərdə üzv ölkələrdə istehsal olunan məhsullara baxıblar.

Qeyd olunub ki, sərginin məqsədi iştirakçı ölkələrin iqtisadi potensialını nümayiş etdirmək, birlikdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını müzakirə etmək və üzv dövlətlər arasında regional iqtisadi əməkdaşlığı gücləndirməkdir.

Mərkəzi Asiya ölkələri və Azərbaycan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünyada strateji əhəmiyyətə malik vahid tarixi-mədəni və coğrafi regiondur.

Sərginin açıq sahəsində iştirakçı ölkələr tərəfindən nəqliyyat vasitələri, həmçinin sənaye, kənd təsərrüfatı, müdafiə sənayesi, energetika və digər sahələrə aid avadanlıqlar və ağır texnikalar nümayiş olunur.

Sərgi çərçivəsində Qazaxıstan nümayəndələri Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevə xatirə hədiyyəsi təqdim edib. Şahin Mustafayev qazaxıstanlı qonaqlara təşəkkürünü bildirib.

Top
0.076706886291504