kriminal.az
AFFA-nın baş katibi: “Millinin baş məşqçi postuna görə heç bir mütəxəssisə təklif göndərilməyib” - MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasında 20-ci tur Tovuzda start götürüb. Tovuz şəhər stadionunda “Səbail”i qonaq edən “Turan Tovuz” rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Qarşılaşmanı izləyənlər arasında AFFA-nın baş katibi Sərxan Hacıyev də yer alıb.

Sportinfo.az xəbər verir ki, o, matçdan sonra jurnalistlərin suallarına cavab verib.

- Tovuza səfərinizin hər hansı özəl səbəbi vardımı?

- Xeyr. Bu mövsüm ikinci dəfədir burada oluram. Turun əsas oyunlarından biridir. Qərara gəldik ki, burada olaq.

- “Turan Tovuz” rəhbərliyinin bu mövsüm hakimlərdən böyük narazılığı var. Klub rəhbərliyinin bu barədə sizinlə müzakirəsi oldu?

- Əlbəttə, muxtəlif oyunlarla bağlı hər zaman müzakirələrimiz olur. “Turan”ın “Kəpəz”lə oyunundan sonra hakimlik haqqında çox danışılmışdı. Klub rəhbərliyi ilə oyundan sonra və bu gün söhbətimiz oldu. Hakim səhvləri olanda biz də məyus oluruq. Çalışmalıyıq ki, gələcəkdə səhvlərin qarşısı alınsın. Bu yöndə aidiyyəti qurum öz işini görür.

- Hakimlərlə bağlı narazılıq böyükdür. Konkret olaraq bu mövsüm referilərin işindən razısınız, yoxsa narazı?

- VAR sistemi bir çox hallarda özünü doğruldur. Lakin bir sıra hallarda şahid olmuşuq ki, qərarlar düzgün verilmir. Aidiyyəti komitə ilə işlər aparılır ki, gələcəkdə bu cür halların sayı az olsun.

- Gəncədə futbol akademiyasının açılışı son anda təxirə salındı. Açılışla bağlı yeni tarix məlumdur?

- Nəzərdə tutulub ki, fevral ayının ilk günlərində açılış baş tutsun. Amma dəqiq tarix bəlli deyil.

- Milli komandanın baş məşqçisi ilə bağlı çox iddialar səslənir. Müxtəlif mütəxəssislərlə danışıqlar aparıldığı bildirilir. Bu haqda ətraflı nələr deyə bilərsiniz?

- Fürsət düşmüşkən elan edim ki, rəsmi olaraq AFFA tərəfindən heç bir mütəxəssisə təklif göndərilməyib. Biz də başverənləri müşahidə edirik. Hətta bəzi məşqçilər özləri açıqlama verirlər ki, AFFA-dan təklif alıblar. Lakin rəsmi olaraq bildirirəm ki, hər hansı yerli və ya əcnəbi mütəxəssisə nə təklif göndərilib, nə də danışıq aparılıb. Əvvəl də qeyd etdiyimiz kimi, işçi qrupu mövcuddur. Lakin işçi qrupunda da konkret olaraq adlar səsləndirilməyib. Daha çox hansı kriteriyalar əsasında baş məşqçinin seçilməli olduğu barədə iş gedir.

- Danışılmış oyunlarla bağlı araşdırma aparılacağını mətbuata özünüz açıqlamışdınız. Amma bu barədə mətbuata heç bir məlumat verilmir...

- Bəli, ötən ilin sonu bu barədə açıqlama vermişdim. İndi də təsdiqləyə bilərəm ki, müəyyən araşdırmalar var. Bu, təkcə AFFA tərəfindən deyil, həm də aidiyyəti qurumlar tərəfindən də aparılır. İndiki məqamda bu barədə açıqlama verilməsi məqsədəuyğun hesab olunmur.

- Premyer Liqa klubları da həmin araşdırmalara daxildirmi?

- Xeyr.

- AFFA rəhbərliyinə seçkinin tarixi məlumdur?

- İcraiyyə Komitəsinin növbəti toplanışında dəqiq tarix təyin olunacaq. Həmin iclas fevralın ilk həftəsi keçirilə bilər.

- Namizədlər barədə məlumat var?

- Hazırda kiminsə namizədliyi barədə informasiya yoxdur.

- Müxtəlif yaş qrupu üzrə yığmaların baş məşqçiləri ilə bağlı qərar nə vaxt veriləcək?

- İK-nın iclası olmadığına görə, daxili qərarla hazırkı məşqçilərlə müqavilələr iki aylıq artırılıb. Növbəti iclasda bu məsələyə də baxılacaq.

- Aşağı yaş qrupu millilərinə məşqçilərin təyinatı əsas milliyə baş məşqçi təyinatı ilə əlaqəli olacaq?

- Xeyr.

- Yeni mövsümdən Premyer Liqa klublarının sayının artırılması gözlənilir?

- Hazırda bu məsələ müzakirə mövzusu deyil.

- Sonuncu pilləni tutan komanda Birinci Liqaya yollanacaq? Yəni ötən mövsümkü kimi idman prinsipləri qorunacaqmı?

- İdman prinsipləri dəqiq qorunacaq.

- Bəzi klubların legioner limitinin ləğv edilməsində maraqlı olması barədə iddialar var. Bu barədə federasiyaya müraciət edənlər olub?

- Bununla bağlı bizə təklif gəlməyib. Bu, elə məsələdir ki, əvvəlcə Klublar Komitəsində müzakirə olunmalıdır. Yaxın günlərdə həmin qurumun yeni iclası gözlənilir. Orada hər hansı təklif olsa, müzakirə getsə və yalnız bundan sonrakı mərhələdə AFFA rəhbərliyinə də məsələ çatdırılacaq.

- Yeni mövsüm klublara edilən maliyyə yardımının artırılması gözlənilir?

- Artması gözlənilmir.

- Vergilərin 5%-dən 20%-ə qaldırılması klubların büdcəsinə ciddi təsir edəcək. Bu nəzərə alınacaq?

- Əlbəttə, klubların büdcəsinə təsir edəcək. Lakin bu, dövlətin qanunudur. Əlavə vəsaitin ödənilməsi gündəmdə deyil.

Top
0.20950794219971