kriminal.az
Sabunçuda narkoplantasiya aşkarlanıb - FOTO/VİDEO

Sabunçu rayonunda aşkarlanan narkoplantasiyada 1500 ədəd çətənə kolu götürülüb.

Kriminal.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin (CAŞ) əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 1976-cı il təvəllüdlü paytaxt sakini Vahab Manafov saxlanılıb. Ondan iki kiloqram narkotik vasitə marixuana aşkar olunub.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin narkotikləri əldə etdiyi Maştağa qəsəbəsi sakini Kamal Rəhmanov da saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən isə bir kiloqram marixuana aşkarlanıb.

K.Rəhmanovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində keçirilən tədbirlərlə onun marixuananı əldə etdiyi şəxslər paytaxt sakinləri Hüseynağa Məlikov və Ceyhun Bədəlovun da saxlanılması təmin edilib. Onların Sabunçu rayonunda yerləşən bağ sahələrinə baxış zamanı kultivasiya yolu ilə xüsusi qulluq edərək yetişdirdikləri narkotik tərkibli 1500 ədəd çətənə kolu aşkarlanıb.

Araşdırma zamanı dəstə üzvlərinin çətənə kollarını yetişdirdikdən sonra paytaxt ərazisində satışı ilə məşğul olduqları müəyyən edilib. Aşkarlanan faktlarla bağlı Sabunçu RPİ-ə araşdırmalar davam etdirilir.

Top
0.047207832336426