Aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyən olunmuş, Birinci Qarabağ müharibəsində itkin düşmüş Arif Ələkbər oğlu İmaməliyevin nəşi bu gün ailəsinə təhvil verilib.
Kriminal.Az xəbər verir ki, şəhidin nəşi mərhumun ailə üzvlərinin yaşadığı Bakı şəhəri Yeni Suraxanı rayonunda yerləşən evinə gətirilib.
Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları iştirak edib.
Şəhid Yeni Suraxanı Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, şəhid 1960-cı il iyunun 13-də Bakı şəhərinin Bayıl qəsəbəsində anadan olub. 1979-1981-ci illərdə Əfqanıstanda gedən döyüşlərdə iştirak edib.
1992-ci il Ağdam, Laçın, Ağdərə, Tovuz və başqa rayonlar istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Laçında qəlpə yarası alıb və Bakıya göndərilib, ancaq yarası sağalmadan cəbhəyə geri dönüb. 1994-cü ildə Kəlbəcər rayonu Susuzluq kəndinin müdafiəsi uğrunda gedən döyüşdə əsgər yoldaşlarının helikopterə minə bilmələri üçün onları müdafiə edərkən qəhrəmancasına şəhid olub.
Almaz Qasımova