kriminal.az
Tarixə qovuşan ANİMASİYA FİLMLƏRİMİZ - Uşaqlar üçün cizgi filmləri niyə ÇƏKİLMİR?

Nənə-babalarımızın dilindən eşidib xəyalımızda canlandırdığımız nağıl qəhrəmanlarını səsli, rəngli, işıqlı formada bizə təqdim edən sənət animasiyadır. Lakin animasiya təkcə uşaqlar üçün hazırlanan filmlərdən ibarət deyil. Son illərdə dərin psixoloji mesajlar ötürən musiqili kliplərin də təqdimatında cizgilərin bu cür canlandırılmasından istifadə olunur.

Həmçinin təkcə uşaqlar üçün yox, həm də böyüklər üçün nəzərdə tutulan, festivallarda uğur qazanan qısa və tammetrajlı animasiya filmləri mövcuddur.

Azərbaycanın da animasiya film tarixi var. Ölkədə yerli animasiya filmləri ən çox sovet dövründə çəkilib. Bir müddətdir yerli seriallar, bədii filmlərin çəkilməsində inkişaf olsa da animasiya kinosu sahəsində durğunluqdur.

Uşaqların xarakterinin formalaşmasına təsir edən animasiya film sahəsində durum necədir? Son illərdə hansı filmlər çəkilib? Çəkilən filmlərə dövlət dəstək verirmi?

Bizim.media-nın suallarını cavablayan Azərbaycan Animasiya Assosiasiyasının sədri, "ANIMAFILM" Beynəlxalq Animasiya Festivalının direktoru, prodüser, rejissor Rəşid Ağamalıyev deyib ki, sayı çox olmasa da hər il animasiya filmləri çəkilir:

"Uzun illər Azərbaycan animasiyası durğunluq dövrü yaşayıb. Son iki il ərzində istər dövlət, istərsə də özəl, ictimai sektor tərəfindən bu sahədə ciddi addımlar atılıb. Artıq bu il "ANİMAFİLM" Beynəlxalq Animasiya Festivalı Mədəniyyət Nazirliyinin dəstəyi ilə 7-ci dəfə keçiriləcək. Ötən il iki film istehsal olunub, bunlar "Azanfilm" studiyasının "Baharın oğurlanması" və "Animafilm" studiyasının istehsal etdiyi "Hədis" animasiya filmləridir.

Azərbaycanda ildə bir-iki animasiya filmi çəkilir ki, onlar da qısametrajlıdır. İndiyə kimi ölkəmizdə tammetrajlı animasiya filmi çəkilməyib. Həmçinin uşaqlar üçün animasiya serialı da çəkilməyib. Sevindirici haldır ki, hazırda bir neçə qısametrajlı, tammetrajlı və serial animasiya layihələri var. Onların üzərində iş gedir".

Rejissor bu sahədə təhsilin də inkişaf etdiyini bildirib:

"Mədəniyyət və İncəsənət Universitetində animasiya sahəsi üzrə ali təhsil davam etdirilir. Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Animator"s Accelerator" (Animatorların İnkişaf Proqramı) adlı uzunmüddətli, intensiv animasiya kursu açılıb. Tələbələr həmin kursu uğurla bitirdikdən sonra beynəlxalq layihələrə cəlb olunacaqlar".

Rəşid Ağamalıyev Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən müsabiqəyə təqdim olunub müsbət rəy alan filmlərin istehsalına dəstək veriləcəyini qeyd edib:

"ARKA fəaliyyət göstərir, onlar filmlərin istehsalına dəstək verirlər. Bu il ARKA tərəfindən iki animasiya layihəsi və bir animasiya sənədli film layihəsi dəstəklənib. İkisi istehsaldadır, üçüncüsü isə tezliklə istehsala buraxılacaq.

ARKA hazırda animasiya filmlərinin çəkilməsi üçün əsas maliyyə mənbəyidir. Eyni zamanda, özəl şirkətlər də öz hesablarına animasiya filmləri çəkirlər. Amma hazırda biz onların arasında o qədər keyfiyyətli iş görmürük. Bu, bir az çətin sahədir, dövlətin dəstəyi vacibdir. Ən azı 30-50 faiz maliyyə dəstəyi olsa, digər hissəsini şirkətlər özləri cəlb edə bilərlər. Bu təcrübə Avropada da, Rusiyada da var".

Rəşid Ağamalıyev çəkilən filmlərin yerli televiziyalarda nümayişi məsələsinə də toxunub:

"Televiziyada nümayiş olunur, lakin arzu edərdik ki, minimal ekran vaxtı müəyyən edilsin və daha çox animasiya filmləri nümayiş olunsun. Müasir animasiya filmləri demək olar ki, ümumiyyətlə, nümayiş olunmur. Əsasən yerli və xarici festivallarda nümayiş olunur. Kinoteatr şəbəkələrində isə xarici tammetrajlı animasiya filmləri nümayiş etdirilir".

Top
0.042865991592407