"Düşündüm ki, 57 yaşlı Tayson bunu bacarırsa, mən 50 yaşımda niyə etməyim? Elə belə də oldu".
Bu sözləri İdman.biz-ə müsahibəsi zamanı Azərbaycan boksçusu Əli İsmayılov deyib.
Həmin müsahibəni təqdim edirik:
- Moskvada keçirilən boks gecəsində MDB ölkələrinin çempionu tituluna yiyələndiniz. Rasul Maqomedova qalib gəldiyiniz döyüşü necə dəyərləndirərdiniz?
- Təbii ki, çox yüksək səviyyədə qiymətləndirirəm. Uzun fasilədən sonra 50 yaşında rinqə qayıdıb belə bir nəticə əldə etdiyim üçün qürur hissi keçirirəm. Əminliklə deyə bilərəm ki, ölkəmizə ilk MDB kəmərini mən gətirmişəm. Bunu bacaran məhz Əli İsmayılov oldu.
- Bəs uzun müddətdən sonra rinqə qayıtmağa necə qərar verdiniz?
- Pandemiya dövründə yarışlar olmurdu və məşqlərdə iştirak edə bilmirdik. Həmin dönəmdə də internet vasitəsilə Mayk Taysonun məşq proseslərinə, pandemiyadan sonra onun Mayamidə iştirak etdiyi döyüşünə baxırdım. Sanki əfsanənin həmin çıxışı məni "xəstələndirdi". Düşündüm ki, 57 yaşlı Tayson bunu bacarırsa, mən 50 yaşımda niyə etməyim? Elə belə də oldu. Bir il güclü şəkildə hazırlaşıb, özümü formaya salandan sonra artıq yarışlara qatıldım.
- Hazırlıq necə keçdi?
- Bu döyüşə çox ciddi şəkildə hazırlaşmışdım. Çünki ciddi rəqib idi. Burada uduzmaq bizə heç yaraşmazdı. Əsas məşqlərimizi "Səbail" İdman Klubunda keçdik. Zaur Qeybullayevin rəhbərliyi ilə birgə məşqlər etdik. Bütün günü yeni bulvarda kros qaçıb, nəfəsimi gücləndirirdim. Artıq özümü yaxşı formaya salmışam.
- Növbəti döyüş barədə də fikirləşirsiz?
- Bundan sonrakı planlarımız böyükdür. Qazandığım bu kəməri müdafiə etməliyəm. Daha sonra Avropa və dünya kəmərini qazanmaq üçün əlimdən gələni edəcəyəm. Avropa kəmərini Azərbaycana gətirməyi hədəfləmişəm. Bu planlar varsa, peşəkar boksa davam edəcəyəm. Özümdə güc hiss edənə kimi bu yoldan dönməyəcəyəm.
- 50 yaşında kəmər qazanmaq necə hissdir?
- Bu mənim üçün inanılmaz idi. Yuxuda belə görməzdim ki, 50 yaşında çempion olaram. Amma peşəkar boksa qayıdanda özümə məqsəd qoymuşdum ki, dünyaca məşhur və bu sahədə sözünü demiş şəxslər kimi 50 yaşımda dünya çempionu olacağam.
- Növbəti rəqibləriniz nə vaxt dəqiqləşəcək?
- Hələlik dəqiq nəsə yoxdur. Rəqibləri yarışa 2-3 ay qalmış bilirik və müqavilə imzalayırıq. Rəqiblərdən asılı olmayaraq, hamısına qalib gəlməyə çalışacağam.