Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP 29) Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar olaraq paytaxtımıza gətiriləcək elektrobusların şarj edilməsi üçün yaradılacaq nəqliyyat mübadilə mərkəzlərini etibarlı elektrik enerjisi ilə təmin etmək üçün işlərə başlanılıb.
Kriminal.Az-ın əldə etdiyi məlumata görə, layihənin sifarişçisi və podratçısı "Azərişıq" ASC-dir.
Belə ki metronun "28 May" stansiyası ətrafındakı ərazidə yaradılacaq nəqliyyat mübadilə mərkəzinin etibarlı elektrik enerjisi ilə təmin olunması üçün yeni kabel xəttinin çəkilməsi işləri müvafiq razılıq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) verdiyi texniki şərtə əsasən aparılır.
İş prosesində nəqliyyatın hərəkətinin dayandırılması nəzərdə tutulmur. Qazıntı işləri 45 gün müddətinə - 2024-cü il iyunun 14-dən iyulun 29-dək Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin tələblərinə uyğun olaraq aparılır.
Bakı şəhərinə gətiriləcək elektrobusların şarj edilməsi üçün metronun "Dərnəgül" və "28 May" stansiyaları ətrafındakı ərazilərdə yaradılacaq nəqliyyat mübadilə mərkəzlərinin etibarlı elektrik enerjisi ilə təmin olunması məqsədilə yeni elektrik kabel xətlərinin çəkilməsi ilə əlaqədar Binəqədi rayonu Ə.Rəcəbli küçəsi, S.S.Axundov küçəsi ("Dərnəgül" metrosunun qarşısı), Nərimanov rayonu Nemət Quliyev küçəsi boyu, Xətai prospektini kəsməklə Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi boyu (M.Qaşqay küçəsini kəsməklə), Azadlıq prospekti boyu, metronun "28 may" stansiyasının qarşı ilə (C.Cabbarlı heykəlinin yanından Pușkin küçəsi istiqamətində) Azadlıq prospektini kəsərək, Süleyman Rəhimov küçəsi boyu (S.Rüstəm küçəsini, R.Behbudov küçəsini və Bülbül prospektini kəsməklə), Səməd Vurğun küçəsi boyu (Füzuli küçəsini, Ş.Bədəlbəyli küçəsini kəsərək) və Mirzağa Əliyev küçəsi boyu (Azərbaycan prospektini kəsməklə) müvafiq məsafələrdə olmaqla qazıntı işlərinin aparılmasına aidiyyəti üzrə baxılaraq texniki şərt hazırlanıb.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun 13.06.2024-cü il tarixli sərəncamına əsasən, yeraltı mühəndis xətlərinin və qurğularının zədələnməsinin qarşısını almaq məqsədilə, qazıntı işləri "Bakı Telefon Rabitəsi" MMC, "Azərişıq" ASC, "Azəristiliktəchizat" ASC, "Azəriqaz" İB, Kabel Magistralları Texniki Qovșağı, Bakı Sukanal İdarəsi və başqa əlaqədar təşkilatların ("Azneft" İB, "Azərenerji" ASC-nin Rabitə İdarələri və s.) nümayəndələrinin nəzarəti altında həyata keçirilir.
Aytac Qasımova