kriminal.az
Rusiya XİN rəhbərinin müavini İranla nüvə sazişi barədə danışdı

"İranla nüvə sazişi ətrafında vəziyyət elə bir nöqtədə dayanıb ki, buradan sazişlərin tam şəkildə pozulmasına doğru hərəkət başlaya bilər".

Bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov E.M.Primakov Xarici Siyasət Əməkdaşlıq Mərkəzinin "Yaxın Şərq Ekspressi" podkastında deyib.

"Diplomatik fəaliyyətin resursu tam tükənməyib, biz olduqca effektiv olan bu sxemin tam şəkildə məhvinin qarşısını almaq üçün opponentlərə ardıcıl şəkildə təsir göstərməkdə davam edirik", - deyə Ryabkov qeyd edib.

O xatırladıb ki, Böyük Britaniya, Fransa və Almaniya "İranı pisləyən destruktiv qətnamə"ni baxılması üçün Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarə Şurasına təqdim ediblər.

"Bu, təbii ki, Tehranda narazılıqlara səbəb oldu. Biz də həmçinin bu cür hərəkətləri qınayırıq. Bu qəbildən addımlar problemin həllinə töhfə vermir, əksinə, nəzarətsiz eskalasiya riskini artırır. Biz avropalıları bu cür siyasətin nəticələrini ölçməyə çağırırıq, lakin indi onlar, ümumiyyətlə, ABŞ kimi, onlara tamamilə çıxılmaz və bir çox cəhətdən absurd olan öz xətlərindən fərqli olaraq təklif olunan heç bir şeyi qəbul etməyə hazır deyillər", - deyə Sergey Ryabkov bildirib.

Xatırladaq ki, iyunun 6-da Moskva, Pekin və Tehran bəyanatla çıxış ediblər və İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının müddəalarının qüvvədə qaldığı fikrində olduqlarını qeyd ediblər.

2015-ci ildə İranla imzalanan Birgə Hərtərəfli Fəaliyyət Planı BMT Təhlükəsizlik Şurasının daimi "beşliyi" və Almaniya tərəfindən nüvə inkişafı ilə bağlı yaranan böhranın aradan qaldırılması məqsədi daşıyıb. Sənəd Tehranın nüvə fəaliyyətlərini məhdudlaşdırması öhdəliyi müqabilində sanksiyaların mərhələli şəkildə ləğvini nəzərdə tuturdu. ABŞ-nin əvvəlki prezidenti Donald Tramp 2018-ci ildə bu sazişdən çıxmaq qərarına gəlib. Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa 2021-ci ilin aprelindən Birgə Hərtərəfli Fəaliyyət Planının ilkin formada bərpası ilə bağlı İran tərəfi ilə Vyanada danışıqlar aparırlar. Lakin bir neçə raunddan sonra bu danışıqlar 2022-ci ilin noyabrında heç bir nəticə əldə edilmədən başa çatıb.

Mənbə: TASS

Top
0.06349515914917