kriminal.az
Azərbaycanın yığma komandası Avropanın ən yaxşılarından oldu

15-23 iyun tarixlərində Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi başa çatıb.

Kriminal.Az xəbər verir ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb. Turnirdə geniş heyətlə çıxış edən komandamız uğurlu çıxışlarla yadda qalıb.

Atletlərimiz ümumilikdə 18 medal - səkkiz qızıl, beş gümüş və beş bürünc - qazanaraq ən yaxşılar sırasında yer almağı bacarıblar.

Qızlarımızdan Nuray Əbilova bir gümüş (U-15, 40 kq), Malikə Biçekuyeva iki bürünc (U-15, 55 kq), oğlanlardan isə Kamran Xappayev üç qızıl (U-15, 61 kq), Elman Kurdanov iki gümüş və bir bürünc (U-15, 67 kq), İsa Əliyev iki qızıl və bir gümüş (U-15, 73 kq), Aslan Əmiraslanov üç qızıl (U-15, 89 kq), Muhəmmədəli Məmmədzadə (U-15, 96 kq) bir gümüş və iki bürünc medal qazanıblar.

U-15 yaş qrupunda birdən-birə üç idmançımız qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb ki, bu da tarixi uğurdur. 2018-ci ildə İtaliyanın Milan şəhərində keçirilən Avropa birinciliyində yaş qruplarında komandalarımız ayrılıqda iki qızıl medal qazanmışdılar. Bundan başqa, Milanda oğlanlardan ibarət U-15 komandamız cəmi 13 medal qazanmışdısa, bu dəfə bu rəqəm 15-ə qalxıb.

Yuxarıda qeyd olunan nəticələrə əsasən, yığma komandaların Avropa reytinqi müəyyən edilib. Burada Azərbaycan komandası növbəti uğura imza atıb. Belə ki, yığmamız 15 yaşa qədər atletlər arasında Avropa birinciliyinin komanda hesabında 2-ci yeri tutub. Komandamız ümumilikdə 709 xal toplayaraq Türkiyə, Polşa, Bolqarıstan və digərlərini üstələyib. Qalib adını isə 742 xalla Gürcüstan qazanıb.

İdmançılarımız Avropa birinciliyində fərdi uğurlarla da fərqləniblər. Burada ən güclülər Sinkleyr cədvəli üzrə müəyyən ediliblər.

Nuray Əbilova yaşı 15-ə qədər qızların yarışında ümumilikdə 106 kq nəticə və 447,82 xalla Avropa birinciliyinin 10 ən yaxşı atleti sırasında yer alıb.

Oğlanlarda bu yaş qrupunda iki idmançımız ən yaxşılardan olub. 73 kq çəki dərəcəsində çıxış edən İsa Əliyev ümumilikdə 249 kq çəki ilə 488,13 xal toplayaraq Avropa birinciliyinin ən yaxşıları sırasında 4-cü yeri tutub. 61 kq çəki dərəcəsində çıxış etmiş Kamran Xappayev isə ümumilikdə 227 kq nəticə və 522,42 xalla Avropa birinciliyinin ən yaxşı idmançıları sıralamasında 2-ci pillədə qərarlaşıb.

Top
0.39412999153137