kriminal.az
Əmək və məşğulluq münasibətlərinin tənzimlənməsi üzrə

Əmək və məşğulluq münasibətlərinin tənzimlənməsi üzrə "DOST Müfəttiş" layihəsinin təqdimatı keçirilib.

Kriminal.Az xəbər verir ki, görüşdə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərin əməkdaşları üçün işçi icazələrinin alınmasında mövcud vəziyyət müzakirə edilib, bu sahədə Əmək və Məşğulluq Alt Sisteminin (MAS) yenilikləri təqdim olunub.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeli qurumları olan Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Məşğulluq Agentliyi, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın çıxışları dinlənilib.

Çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, isğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə məşğul olmaq üçün müraciətlərin sayı hər gün artmaqdadır. Böyük Qayıdış Proqramı üzrə öz torpaqlarına qayıdan əhalinin məşğulluğunun təmin edilməsində özəl sektorun xüsusi rolu olduğunu vurğulayan konfederasiya rəhbəri iş adamlarını dövlət-özəl dialoqu çərçivəsində yaradılan bu platformanın imkanlarından yararlanmağa dəvət edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev son illər əmək və məşğulluq sahələrində aparılan islahatları, bu islahatlar prosesində sosial tərəfdaş olaraq Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edib.

O, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində atılan addımları, işğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərin məşğulluğunun təminatı sahəsində görülən işləri diqqətə çatdırıb.

Nazir müavini bu sahələrdə özəl sektora aid işəgötürənlərlə sosial tərəfdaşlığın önəmini vurğulayıb. İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən sahibkarlar üçün də bir sıra güzəştlərin nəzərdə tutulduğunu bildirən A.Əliyev əmək münasibətləri və məşğulluq xidmətlərinin elektronlaşdırılması istiqamətində əldə olunan uğurları qeyd edib. "Əmək və Məşğulluq altsisteminin əmək sahəsində bütün münasibətlərin e-platformaya keçidinə imkan verdiyini, yeni "DOST Müfəttiş" layihəsinin əmək qanunvericiliyinin iş yerlərində tətbiqi prosesində isəgötürənlar üçün əhəmiyyətini diqqətə çatdırıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev bildirib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş rayonlara geri qayıdan əhalinin məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsi, eyni zamanda qeyri-formal məşğulluğun və işçilərin əmək hüquqlarının pozulmasının qarşısının alınması, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün nazirlik tərəfindən müvafiq tedbirlər görülür. Bununla əlaqədar xidmət tərəfindən "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi" üzərindən hər ay monitorinqlər keçirilir və müvafiq tədbirlər görülür.

Xidmət rəisi həmçinin qeyd edib ki, işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin düzgün tətbiqi, bir sıra risklərin və mümkün hüquqpozmaların qarşısının vaxtında alınması üçün ƏMAS daim təkmilləşdirilir, tətbiq edilən yeniliklər üzrə mütəmadi olaraq işəgötürənlərə həm onlayn, həm də oflayn olaraq təlimlər keçirilir və vətəndaşlar (işəgötürənlər) tərəfindən ƏMAS-ın təkmilləşdirilməsi istiqamətində daxil olan təklifləri operativ şəkildə nəzərə alınmır.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev ölkədə əmək ehtiyatlarından səmərəli istifadə, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, layiqli əməyin dəstəklənməsi, elektron xidmətlərin sayının artırılması ilə şəffaflığın təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

O qeyd edib ki, 2018-ci ildən bəri 570 min nəfər münasib işlə təmin olunub:

"30 min nəfər peşə hazırlığına cəlb olunub. Təkcə bu ilin 6 ayında isə 8.5 min șəxs peşə hazırlığına cəlb olunub".

İşğaldan azad olunan ərazilərdə görülən işlərə də diqqət çəkən S.Əliyev qayıdış çərçivəsində köç etmiş 2500 nəfərin məșğulluğunun təmin edildiyini, 790 nəfərin məşğulluğu istiqamətində işlər aparıldığını bildirib.

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli tədbir iştirakçılarına "DOST Müfəttiş" layihəsinin əhəmiyyəti barədə məlumat verib.

Bildirib ki, layihə çərçivəsində müəssisələrdə əmək münasibətləri və insan resursları üzrə cari vəziyyəti ətraflı qiymətləndirilir, müvafiq istiqamətlər üzrə təlim və konsultasiyalar təşkil edilir. Layihənin məqsədi iş yerlərində əmək qanunvericiliyinin düzgün şəkildə tətbiqində münasibətlərinin qanunvericiliyə uyğun qurulmasında işəgötürənlərə dəstək olmaqdır.

Qeyd olunub ki, layihə, həmçinin müəssisələrə əmək qanunvericiliyinin tələblərinin tətbiqi vəziyyətini qiymətləndirməyə, əməyin mühafizəsinin standartlara uyğun təșkilinə, "Əmək və Məsğulluq" altsisteminin tətbiqində onların qarşılaşdığı çətinliklərin aradan qaldırılmasına yardım edir.

Könül Cəfərli

Top
0.15482306480408