İtaliyanın cənub-qərbində, Kampaniya regionunun Salerno əyalətinin eyniadlı körfəzində yerləşən Amalfi sahili tarix, təbiət mənzərələri və mədəniyyətin qarışdığı "cənnət"dir.
AZƏRTAC xəbər verir ki, Tirren dənizinin sahilində, Monte Kerreto dağının ətəyində yerləşən bu sahil xətti heyrətamiz mənzərələrə malikdir. İtaliyanın ən mühüm turizm mərkəzlərindən olan Amalfi sahili Salerno və Sorrento arasındakı yamaclarda bir neçə şəhəri olan 56 kilometr uzunluğunda qeyri-adi gözəlliyə sahib bir yerdir. Tirren dənizinin mirvarisi olan Amalfi sahili möhtəşəm mənzərələri, rəngarəng şəhərləri və tarixi zənginliyi ilə məşhurlaşıb.
Amerikalı yazıçı Con Ernst Steinbeckin "Gerçək olmayacaq qədər yuxu kimi yer" adlandırdığı, alman bəstəkarı Vilhelm Rixard Vaqnerin məşhur "Parsifale" operasına ilham verən Amalfi sahili hər il milyonlarla turisti özünə cəlb edir. Alman şair-dramaturqu Yohann Volfqanq fon Höte buranın gözəlliyi haqqında hələ XVIII əsrdə yazıb.
UNESCO-nun Ümumdünya İrs Siyahısında olan bu bölgə illərdir həm turistlərin, həm də məşhur simaların istirahət üçün ən çox üz tutduqları yerdən biri olub. Bütün sahili əhatə edən bu dar və dolama yolun bir tərəfində Tirren dənizi ilə səmanın birləşdiyi ucsuz-bucaqsız mavi mənzərə, digər tərəfində isə yamyaşıl limon və üzüm bağları arasında kiçik şəhərlər və gözəl çimərliklər yerləşir. Sahil xətti boyunca möhtəşəm yarğanlar, körfəzlər və zəngin bitki örtüyü var.
Amalfi kiçik limanı və labirint kimi küçələri olan balaca şəhərdir. Bura tarixi gözəllikləri ilə məşhur olan sahil xətti kimi tanınır və firuzəyi mavi, köpüklü sulara doğru uzanan sıldırımlı qayaları ilə məşhurlaşıb.
Atrani... Burada səma və dəniz sonsuz mavi üfüqdə birləşir. Unikal mənzərələri və tarixi ilə Atrani unudulmaz səyahət təcrübəsi təqdim edir.
Ravello... Dənizlə əhatələnmiş, heyrətamiz topoqrafiya ilə terraslardakı inanılmaz qayalarla, fantastik rənglər və sıx bitki örtüyü olan bağlarla bəzənmiş Ravello İtaliyanın ən gözəl şəhərlərindəndir. İncəsənət və mədəniyyət həvəskarları üçün ideal məkan olan Ravello həm də möhtəşəm mənzərələri ilə məşhurdur.
Minori və Maiori. Bu şəhərlərdə füsunkar kiçik evlər dənizə doğru bir-birinin ardınca sıralanır. Sahil xətti boyunca böyük gözəl çimərliklər yer alır.
Şairlər, filosoflar, aktyorlar, musiqiçilər, rəssamlar və yazıçılar Amalfi sahili boyunca istirahət edərək əsrarəngiz yaradıcılıq inciləri ərsəyə gətiriblər. Bu gün də Amalfi yaradıcı beyinlər üçün əvəzolunmaz bir məkandır.
Yay mövsümünün ən isti aylarında bu sahil xətti dünyanın hər yerindən turistlərlə dolur. Amalfi sahilini ziyarət etmiş hər kəs buranın İtaliyanın ən gözəl sahil ərazilərindən biri olduğunu bildirir.