Pakistanın Əfqanıstanla sərhədindəki Kurram sektorunda tayfalararası qarşıdurma olub.
Kriminal.Az TASS-a istinadən xəbər verir ki, hadisə zamanı şiddətli atışmalar nəticəsində azı 35 nəfər ölüb, 106 nəfər yaralanıb.
Məlumata görə, münaqişə Boşehra və Malekhel qəbilələrinin nümayəndələri arasında torpaq sahəsinə dair mübahisə nəticəsində yaranıb. Bir neçə gün davam edən şiddətli atışmalarda döyüşən tərəflər qumbaraatanlardan, pulemyotlardan və avtomatik atıcı silahlardan istifadə ediblər.
Təhlükəsizlik qüvvələrinin və qəbilə ağsaqqallarının axan qanı dayandırmaq cəhdləri nəticəsiz qalıb. Kurram sektorundakı yaşayış məntəqələrində mövcud vəziyyətlə əlaqədar məktəblər və bazarlar bağlanıb, yollarda nəqliyyatın hərəkəti dayandırılıb. Yolun bağlanması yerli əhali üçün ərzaq və dərman çatışmazlığına səbəb olub.