"Bu gün Azərbaycan alternativ enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində davamlı olaraq müxtəlif tədbirləri həyata keçirir".
Bunu Azərbaycanın yaşıl gündəliyi və alternativ enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi siyasətini Kriminal.Az-a şərh edən deputat Ceyhun Məmmədov deyib.
"Biz uzun müddətdir ölkəmizin burada sürətli bir prosesə başladığını görürük. Yəni bir müddət bundan əvvəl Birləşmiş Ərəb Əmirliyinin "Masdar", ondan əvvəl "Acwa Power" şirkətləri ilə günəş və elektirk enerjisinin istehsalı ilə bağlı əməkdaşlığa başlanıldı. Bu günlərdə bp ilə Cəbrayılda yeni külək və günəş elektrik stansiyalarının qurulduğunun şahidi olduq.
Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycanın bərpaolunan enerjidə texniki potensialı 135 giqavat, dənizdə isə 157 giqavat təşkil edir. Yəni bu, kifayət qədər ciddi rəqəmlərdir.
2030-cu ilə qədər Azərbaycanda altı giqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılır. On giqavatlıq bərpaolunan enerji üzrə müqavilə və anlaşma memorandumu imzalanıb.
Qeyd etdiyimiz kimi, "Masdar" və "Acwa Power" şirkətləri Birləşmiş Krallıqla birlikdə həyata keçirilən layihələrlə bağlı artıq real işlər görür və bu, Azərbaycanın prosesə nə qədər önəm verdiyinin və sürətlə başladığının göstəricisidir.
Bu gün Azərbaycanın digər bir hədəfi, digər bir məqsədi isə yaşıl enerjinin xaricə satılmasıdır. Cənab Prezidentin qeyd etdiyi kimi, Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi kimi qlobal bir layihə var və bu da imkan verəcək ki, Azərbaycan öz enerjisini xaricə satsın.
Burada başqa bir məsələ isə ondan ibarətdir ki, bu gün Naxçıvanda, Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji zonalarının elan edilməsi üçün çox geniş potensiallar və imkanlar var.
Ümumiyyətlə, Azərbaycan bu gün dünyanın həm külək, həm də günəş enerjisi ilə yaşıl enerjiyə keçidini təmin etmək imkanında olan dövlətlərdən biridir və bu gün Azərbaycanın bununla bağlı çox böyük potensialı var. Bu potensialın reallaşdırılması üçün Azərbaycan bütün addımları atır.
Cənab Prezident Liderlər Sammitində bu məsələyə çox geniş və ətraflı şəkildə cavab verərək Azərbaycanın hədəflərini və məqsədlərini açıq şəkildə bildirdi. Bu da bizə çox geniş imkanlar və fürsətlər yaradacaq. Yəni Azərbaycan bu yol vasitəsilə qarşısına qoyduğu məqsədlərə nail olacaq.
Azərbaycan uzun müddətdir ki, qaz, neft ixracı ilə ciddi məşğul idi. İndi isə ölkəmiz, eyni zamanda, yaşıl enerjinin satışı, alternativ enerji mənbələri üzərində işləyir və özünün günəş, külək sərvətini də səmərəli istifadə edərək qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün səylə çalışır",- deyə C.Məmmədov qeyd edib.
Əzizə İsmayılova