kriminal.az
Deputat:

"Gürcüstanda yenidən vüsət alan etirazlar əslində Qərbin gürcü xalqının iradəsi ziddinə bu ölkənin daxili yurisdiksiyasında olan məsələlərə qarışmaq və proseslərin axarını dəyişməklə nəzarəti bərpa etmək cəhdidir".

Bu sözləri Kriminal.Az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Qərbin təsiri altında olan keçmiş Gürcüstan iqtidarından fərqli olaraq hazırkı hakimiyyət artıq reallıqların fərqindədir və bu məsələdə gürcü ictimaiyyətinin böyük bir hissəsi də yeni situasiyanı dəstəkləyir:

"Məlumdur ki, son 20 il ərzində Qərb imperializmi Gürcüstanda möhkəmlənmiş, istər vətəndaş cəmiyyəti institutları, istərsə də hakimiyyətin müxtəlif qollarında, o cümlədən, hətta dövlətin ali vəzifəli şəxsi qismində ciddi dayaqlar yaradaraq bu ölkədə ciddi təsir imkanları formalaşdıra bilmişdi. Lakin Qərbin təsiri altında olan keçmiş Gürcüstan iqtidarından fərqli olaraq hazırkı hakimiyyət artıq reallıqların fərqindədir və bu məsələdə gürcü ictimaiyyətinin böyük bir hissəsi də yeni situasiyanı dəstəkləyir. Çünki artıq Gürcüstan ictimaiyyəti Qərbin "demokratiya", "insan haqları" adı altında Gürcüstana ərazilərin itirilməsi, Qərbdən asılılığın artması və qeyri-stabil daxili vəziyyətdə ehtiva olunan status-kvodan başqa heç nə vermədiyinə şahidlik edib. Ötən dövr ərzində Gürcüstana verilən vədlər isə yalnız eyforiya yaratmaq və məqamı gəldikdə həmin vədlərdən geri çəkilmək təhdidi ilə Gürcüstan hakimiyyəti və ictimaiyyəti üzərində təzyiq mühiti formalaşdırmaq məqsədi daşıyıb".

Deputatın sözlərinə görə, Qərb Gürcüstanı Avropa dəyərlərini pozmaqda ittiham edərək yeni hökumətlə əməkdaşlığı mümkünsüz hesab edən mövqe göstərməklə Gürcüstanın daxili işlərinə sərbəst müdaxiləsinə imkan verən situasiya arzu etdiyini gizlətmir:

"Qısa müddət öncə baş tutmuş parlament seçkisinin nəticələri də göstərdi ki, Gürcüstan hakimiyyətinin bu situasiyanı dəyişmək istiqamətində səyləri ölkədə 5-ci kolonun ciddi etirazları ilə qarşılansa da, gürcü xalqı imperializmin təsirindən qurtulmaqda və bu qəbildən fəsadların aradan qaldırılmasında israrlıdır. Lakin seçkidən sonra Qərb ölkələrinin davranışları, o cümlədən Qərbin dəstəklədiyi vətəndaş cəmiyyəti institutları və Gürcüstan müxalifətinin etirazları fonunda Qərbin Gürcüstan hakimiyyətinin yaratmaq istədiyi reallıqlarla barışmayacağı aydın idi. Xüsusən Gürcüstandakı seçkidə imkanı əldən buraxan Qərb imperializminin seçki sonrası iğtişaşlarda da uğursuzluğunun ardınca Baş nazir İrakli Kobaxidzenin Avropa İttifaqı (Aİ) ilə münasibətlərə dair bəyanatı əsl fürsət oldu. Qərb Gürcüstanı Avropa dəyərlərini pozmaqda ittiham edərək, yeni hökumətlə əməkdaşlığı mümkünsüz hesab edən mövqe göstərməklə Gürcüstanın daxili işlərinə sərbəst müdaxiləsinə imkan verən situasiya arzu etdiyini gizlətmir. Hazırda baş qaldıran və gürcü xalqının iradəsi ziddinə olan etirazlar məhz buna hesablanıb və yenə də dövriyyəyə Qərb maliyyəli QHT-lərin buraxılması prinsipcə gözlənilən idi".

B.Məhərrəmov qeyd edib ki, ümumilikdə bu prosesdə konseptual məqsəd aydındır:

"Qərb Gürcüstan hakimiyyətini Gürcüstanın Avropa strukturlarına inteqrasiyası qarşısında maneə kimi təqdim etməklə ölkə cəmiyyətini hakimiyyətə qarşı qaldırmaq, o cümlədən mövcud müxalifəti inqilaba stimullaşdırmaq niyyəti güdür. Bu reallıq isə təəccüb doğurmur, çünki işğal və təcavüzün yeni metod və forması kimi tətbiq olunan və "demokratiya" və "insan haqları" naminə pərdələnərək həyata keçirilən bu tip müdaxilələr Qərb imperializmi üçün artıq illərdir ki, xarakterik davranışdır. Lakin situasiya nə qədər mürəkkəb olsa da, Gürcüstan hakimiyyəti qətiyyət nümayiş etdirərək prosesdən qalib çıxa bilər. Çünki Qərb imperializminin bütün təsir mexanizmlərini fiaskoya uğratmış, çoxsaylı "inqilab" cəhdini tam neytrallaşdırmış Azərbaycan nümunəsi göstərir ki, Cənubi Qafqazda situasiya nə qədər həssas olursa-olsun, əslində qətiyyətli davranışlarla Qərb müdaxilələrinə son qoymaq mümkündür".

Aygün Mirakif

Top
0.13744306564331