Prezident İlham Əliyev Azərbaycan Mərkəzi Bankının sədrinə birinci müavin və müavinlər təyin edilməsi haqqında imzalayıb.
Kriminal.Az yeni təyinatların dosyesini hazırlayıb.
Mərkəzi Bank sədrinin birinci müavini Əliyar Məmmədyarov
O, 1977-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir.
1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu "İqtisadçı" ixtisası üzrə fərqlənmə diplomu ilə, 2008-ci ildə isə Böyük Britaniyanın Nottingem Universitetini MBA ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
1999-cu ildən 2000-ci ilədək həqiqi hərbi xidmətdə olub.
2001-2004-cü illərdə Azərbaycan Respublikası Milli Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin 3 saylı nəzarət şöbəsində iqtisadçı, aparıcı iqtisadçı vəzifələrində işləyib.
2004-2006-cı illərdə AR Milli Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin tərkibində olan Pulların yuyulmasına qarşı fəaliyyət qrupunun rəhbəri vəzifəsində işləyib.
2006-2007-ci illərdə AR Milli Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin rəisi vəzifəsində işləyib.
2012-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
2008-2016-cı illərdə AR Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor müavini, departament direktoru vəzifələrində işləyib.
2016-cı ilin may ayından Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müşaviri vəzifəsinə təyin edilib.
2017-ci ilin sentyabr ayından 2019-cu ilin aprel ayınadək Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədri vəzifəsində işləyib.
2022-ci ilin may ayının 31-dən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.
2022-ci il iyun ayından 2024-cü ilin dekabr ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Mərkəzi Bankın sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
- Mərkəzi Bank sədrinin müavini Vüsal Xəlilov
Vüsal Xəlilov 1987-cı ildə Şəki şəhərində anadan olub.
2008-ci ildə Bakı Dövlət Universitetini "İnformatika" ixtisası üzrə bakalavr, 2011-ci ildə isə həmin universiteti eyni ixtisas üzrə magistr dərəcələri ilə bitirib.
2015-ci ildə ADA Universiteti və "Maastricth School of Management" birgə EMBA proqramına daxil olub.
2017-ci ildə həmin universitetləri Beynəlxalq Biznesin İdarəedilməsi ixtisası üzrə magistr dərəcəsi ilə bitirib.
2020-ci ildə Kopenhagen Biznes Məktəbinin "Maliyyə Sektorunda Rəqəmsal Transformasiya", 2021-ci ildə isə "Harvard Business School"un "Biznes Analizi, Mühasibatlıq və İdarəedənlər üçün İqtisadiyyat" istiqamətlərində xüsusi kurslarda təhsilini davam etdirməklə müvafiq sertifikatlar əldə edib.
V.Xəlilov həmçinin 2014-cü ildə "Oracle" şirkətinin təşkilatın arxitekturası üzrə "OCM" sertifikatına da yiyələnib.
2024-cü ildən İngiltərənin London Metropolitan Universitetində "Tətbiqi Psixologiya" ixtisasını magistr dərəcəsi üzrə təhsilini davam etdirir.
Əmək fəaliyyətinə 2009-cu ildə "ICL" MMC-də texniki mütəxəssis vəzifəsi ilə başlayıb.
2010-2011-ci illərdə "İnfosecurity" MMC-də aparıcı veb-proqramçı vəzifəsində çalışıb.
2011-2016-cı illərdə "Azercell Telekom" MMC-də İnformasiya Kommunikasiya Texnologiyaları departamentində kiçik proqramçı, proqramçı, aparıcı proqramçı, 2016-2018-ci illərdə isə həmin şirkətdə Məhsul və Xidmətin Yaradılması bölməsinin rəhbəri vəzifələrində çalışıb.
2018-2020-ci illərdə "PAŞA Bank" ASC-də Rəqəmsal Laboratoriya departamentinin Rəqəmsal Mühəndislik şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
2021-ci ilin yanvar ayından 2024-cü ilin may ayınadək həmin bankın Texnologiya blokunun baş direktoru vəzifəsində işləyib.
2024-cü ilin may ayından Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib.
Evlidir, üç övladı var.
- Mərkəzi Bank sədrinin müavini Əli Əhmədov
O, 1982-ci ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycanlıdır. Ali təhsillidir.
2004-cü ildə Türkiyə Cümhuriyyətinin Qazi Universitetini "İqtisadiyyat" ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2006-cı ildə Odlar Yurdu və ABŞ-nin Corciya dövlət universitetinin birgə proqramı olan "Biznesin idarə olunması" ixtisası üzrə MBA proqramını magistr dərəcəsi ilə, 2014-cü ildə isə ABŞ Cons Hopkins Universitetini "Dövlət siyasəti" üzrə beynəlxalq magistr dərəcəsi ilə bitirib.
Əmək fəaliyyətinə Milli Bankda 2004-cü ilin avqust ayında Monetar siyasət departamentinin Monetar təhlil və proqnozlaşdırma şöbəsində iqtisadçı vəzifəsində başlayıb. 2005-ci ilin iyul ayında İqtisadi tədqiqatlar və proqnozlaşdırma departamentinin Maliyyə proqramlaşması şöbəsində iqtisadçı vəzifəsinə təyin edilib.
2006-2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və statistika departamentinin İqtisadi tədqiqatlar və proqnozlaşdırma şöbəsində iqtisadçı, aparıcı iqtisadçı vəzifələrində işləyib.
2008-2011-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Bazar əməliyyatları departamentinin Risklərin idarə edilməsi şöbəsində böyük analitik vəzifəsində, 2013-cü ilin avqust ayınadək isə həmin departamentin Risklərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsində işləyib.
2013-cü ilin avqust ayından 2014-cü ilin iyun ayınadək ABŞ-nin Cons Hopkins Universitetində təhsil alıb.
2014-2015-ci illərdə Mərkəzi Bankda Bazar əməliyyatları departamentinin Risklərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsində işləyib. 2015-ci ilin iyun ayından həmin departamentin direktor müavini - Risklərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsində, 2016-cı ilin aprel ayından 2020-ci ilin yanvar ayınadək Bazar əməliyyatları departamentinin direktoru vəzifəsində işləyib.
2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
2020-ci ilin yanvar ayından 2024-cü ilin noyabr ayınadək Mərkəzi Bankın baş direktoru vəzifəsində işləyib.
2024-ci ilin noyabr ayının 7-dən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.
- Mərkəzi Bank sədrinin müavini Fərid Osmanov
Fərid Osmanov 1984-cü ildə Bakı şəhərində anadan olub.
2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bakalavr, 2006-cı ildə isə magistr dərəcələri ilə bitirib.
2013-cü ildə isə həmin universiteti Dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bakalavr dərəcəsi alıb.
2015-ci ilin yanvar ayında iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2015-ci ildə isə Böyük Britaniyanın Mançester Universitetini İdarəetmə və informasiya sistemləri ixtisası üzrə magistr dərəcəsi ilə bitirib.
Əmək fəaliyyətinə 2005-ci ildə Milli Bankın İnformasiya texnologiyaları departamentinin İnformasiya texnologiyalarının inkişafı şöbəsində aparıcı mütəxəssis vəzifəsində başlayıb.
2006-cı ildən həmin şöbədə baş mütəxəssis, 2007-ci ildən həmin departamentin İnformasiya texnologiyalarının inkişafı şöbəsinin rəisi, 2010-cu ildən isə həmin departamentin direktor müavini-İnformasiya texnologiyalarının inkişafı şöbəsinin rəisi vəzifələrində çalışıb.
2013-cü ilin avqust ayından 2014-cü ilin sentyabr ayınadək İnformasiya texnologiyaları departamentinin direktoru vəzifəsində işləyib.
2014-cü ilin sentyabr ayından 2015-cü ilin sentyabr ayınadək Böyük Britaniyanın Mançester Universitetində təhsil alıb. 2015-ci ilin sentyabr ayından 2020-ci ilin yanvar ayınadək İnformasiya texnologiyaları departamentinin direktoru vəzifəsində işləyib.
2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
2020-ci ilin yanvar ayından Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib.
Ailəlidir, iki övladı var.
- Mərkəzi Bank sədrinin müavini Gülər Paşayeva
1989-cu ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir.
2010-cu ildə Bakı Dövlət Universitetinin "Beynəlxalq hüquq" ixtisası üzrə bakalavr dərəcəsini, 2012-ci ildə həmin universitetin "Kommersiya hüququ" ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomları ilə bitirib. 2021-ci ildə isə Böyük Britaniyanın İdarəetmə üzrə İxtisaslaşmış İnstitutunun (The Chartered Governance Institute) İdarəetmə peşəkarları üçün ixtisaslaşma proqramını bitirib.
Əmək fəaliyyətinə 2011-ci ildə "PAŞA Bank" ASC-də "Port Baku" şöbəsinin kassiri vəzifəsi ilə başlayıb, 2012-ci ilin yanvar-avqust aylarında Bankın Korporativ sənədlərlə İş və protokol təminatı departamentinin icraçısı, 2012-2013-cü illərdə Hüquq və təşkilati işlər departamentin Korporativ katiblik şöbəsinin kollegial orqanlar ilə iş üzrə koordinatoru, 2013-2015-ci illərdə həmin departamentin Hüquq şöbəsinin hüquq məsləhətçisi, 2015-2021-ci illərdə Korporativ katiblik şöbəsinin rəhbəri, 2021-2022-ci illərdə Korporativ idarəetmə və inzibatçılıq departamentinin direktoru vəzifələrində çalışıb.
2022-ci ilin iyun ayında Azərbaycan Respublikası Mərkəzi Bankında sədrin müşaviri vəzifəsinə təyin edilib.
2022-ci ilin iyun-iyul aylarında Azərbaycan Respublikası Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsində işləyib.
2022-ci ilin iyul ayından 2024-cü ilin noyabr ayınadək Mərkəzi Bankın baş direktoru vəzifəsində işləyib.
2024-ci ilin noyabr ayının 7-dən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.
Ailəlidir.