"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunda yarımfinalın "Araz-Naxçıvan"a qarşı cavab oyununda əcnəbi hakim təyinatını istəyib-istəməməsi barədə sualı cavablandırıb.
Oxu.Az Offsideplus.az-a istinadən xəbər verir ki, Misli Premyer Liqasının XXIX turunda "Zirə" üzərində 1:0 hesablı qələbədən sonra 52 yaşlı mütəxəssis mətbuat konfransında iştirak edib. Q.Qurbanov "Kubokun cavab qarşılaşmasında əcnəbi hakim istəyirsinizmi?" sualına belə cavab verib: "Yox".
Təcrübəli mütəxəssis "Araz-Naxçıvan"a 0:1 hesabı ilə uduzduqları oyunda planşeti sındırmasına görə AFFA-nın İntizam Komitəsi tərəfindən cəzalandırılmamasını belə şərh edib:
"Niyə cəzalandırsınlar ki? O epizodda hakimə etiraz etmirdim. Belə deyək, oyundan kənar bir epizod idi. Ziyanı özümə vurmuşam. Cəza versələr də, problem yoxdur. Haqlıdırlarsa, problem yoxdur".
Xatırladaq ki, "Qarabağ" və "Araz-Naxçıvan" komandaları arasında AK-nin yarımfinalı üzrə cavab matçı aprelin 23-də baş tutacaq.