kriminal.az
Kallasın səfəri erməni pulu ilə cılız yanaşma və çeynənmiş ifadələrlə təhlil edilməməlidir - Mövqe

“Avropa parlamentinin bir sıra üzvləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana rəsmi səfəri etməsi ilə bağlı tənqid edib. Bu tənqidlər üçün əsas kimi guya Ermənistanın demokratiyanı seçməsi, Avropa İttifaqına üzvlük haqqında qanun qəbul edərək təhdidlərlə üzləşməsi, Azərbaycanın isə avtokratik olması, demokratik Ermənistana təcavüz etməsi göstərilir. Yəni Ermənistan guya demokratiya, avrointeqrasiya yolu seçdiyi üçün təhdidlərə, təcavüzə məruz qalır, Avropa İttifaqının xarici siyasət rəhbəri isə Azərbaycana səfər etməklə avrointeqrasiya yolunu seçən ölkənin maraqlarına məhəl qoymur”.

Bunu Kriminal.az -a açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib.

Siyasi şərhçi hesab edir ki, Azərbaycanın “demokratik, Avropaya inteqrasiya edən, islahatçı Ermənistan” tərəfindən Rusiyanın köməyi ilə işğal olunmuş və təxminən 30 illik işğal dövründə İranın köməyi ilə viran qoyulmuş torpaqlarını azad etdikdən sonra Avropa parlamentinin artıq sayını unutduğum çoxsaylı qətnamələri fonunda belə çıxışlar təəccüb doğurmamalıdır. “Başqa bir nüansa diqqəti cəlb etmək istərdim. Bu da Azərbaycan əleyhinə olanlarla Azərbaycanın bəzi müxalifətçilərinin leksikonunun demək olar ki, üst-üstə düşməsidir. Ermənistan demokratiya və avrointeqrasiya yolu seçdiyi üçün Qərb ölkələri tərəfindən müdafiə olunur, Azərbaycan isə avtokratiya yolu seçdiyi və diktatorlar klubunda yer aldığı üçün müdafiə olunmur. Təsadüfdürmü? Bəlkə də. Hər halda düşünüləsi məsələdir.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin Azərbaycana rəsmi səfərinin səbəbləri və nəticələri erməni pulu ilə edilən bu cür cılız yanaşma və çeynənmiş ifadələrlə yox, nisbətən ayıq başla təhlil olunmalıdır”, - o qeyd edib.

Mürtəza
Kriminal.az

Top
0.05322790145874