kriminal.az
Dubayda “Xəzər həftəsi” forumu davam edir - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) “Xəzər Həftəsi 2023” forumu davam edir.

Kriminal.Az-ın məlumatına görə, Böyük Xəzər Assosiasiyası (GCA) və “İnteqral” şirkətlər qrupunun “DP World” ilə birgə təşkil etdiyi bu tədbir Qlobal Yükdaşıma Sammiti çərçivəsində keçirilir.

Forum qlobal ərzaq və enerji təhlükəsizliyi üçün Böyük Xəzər regionunun (BXR) logistika dəhlizlərinin rolunu müzakirə edən ekspertlərin dəyirmi masası ilə başlayıb.

Tədbirdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş əməliyyat direktoru Yucin Si, o cümlədən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) keçmiş rəhbəri, Azərbaycan iqtisadiyyat nazirinin müşaviri Emil Məcidov da çıxış ediblər. Emil Məcidov ölkəmizin regionda nəqliyyat və logistika qovşağı kimi mühüm rolu olduğunu vurğulayıb.

Sonra “Beynəlxalq sanksiyalara riayət olunması - 1-ci gün” mövzusunda plenar iclas keçirilib. Bu panelin iştirakçılarından biri də ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin keçmiş müavini Metyu Brayza olub.

“Qlobal ticarət: Dünyanın davamlılığına töhfə” mövzusunda keçirilən ikinci plenar iclasda GCA prezidenti Murat Seitnepesov açılış nitqi ilə çıxış edib.

O qeyd edib ki, BXR qlobal enerji və ərzaq təhlükəsizliyi üçün çox vacibdir.

“Bu tədbir Böyük Xəzər regionu üçün vacib olan ideyaların müzakirəsi və layihələrin təqdimatı, xüsusilə inteqrasiya olunmuş ticarət və logistika intellektual sistemlərinin yaradılması, investisiyaların cəlb edilməsi və regional inkişaf layihələrinin həyata keçirilməsinə tərəfdaşların dəvət edilməsi üçün əla platformadır”, - deyə M.Seitnepesov əlavə edib.

Sonra “Qlobal ticarət: dünyanın davamlılığına töhfə”, “Böyük Xəzər regionunun ticarət və logistika inkişafına strateji baxış”, “Böyük Xəzər regionu - üç trilyon dollarlıq imkan”, “Qlobal ərzaq və enerji təhlükəsizliyi üçün BXR logistika dəhlizlərinin rolu”, “Ticarət və logistikada rəqəmsallaşma: ağıllı təchizat zəncirləri, limanlar və terminallar”, “Ticarət maliyyəsi: blokçeyn və rəqəmsallaşma prosesi” mövzularında panellər keçiriləcək.

10:10

Bu gün Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) “Xəzər həftəsi - 2023” illik forumuna start verilib.

Kriminal.Az-ın məlumatına görə, Böyük Xəzər Assosiasiyası (GCA) və İnteqral şirkətlər qrupunun “DP World” ilə birgə təşkil etdiyi bu tədbir Qlobal Yükdaşıma Sammiti (Global Freight Summit) çərçivəsində keçirilir.

Qeyd edək ki, forum əhatə və təsir dairəsini genişləndirmək məqsədilə ilk dəfə olaraq ənənəvi keçirildiyi məkandan - Davosdan (İsveçrə) kənara çıxıb.

Tədbir Böyük Xəzər Regionunda (BXR) logistika və ticarətin inkişafında yeni meyarlar müəyyən etmək üçün nəzərdə tutulub. Forum regionun logistika problemlərinin həlli üçün ən yaxşı təcrübələrə diqqət yetirəcək, ənənəvi gündəliyini davam etdirəcək.

Qeyd edək ki, “Xəzər həftəsi - 2023” forumunun məqsədi BXR ilə dünya ölkələri arasında, eləcə də BXR daxilində dialoq və əməkdaşlığı inkişaf etdirməkdir.

Üç gün ərzində iştirakçılar əsas diqqəti logistik dəhlizlərin, ticarət inteqrasiyasının və maliyyə şəbəkələrinin yaxınlaşmasına yönəldəcəklər.

Forumda BMT, Beynəlxalq Ticarət Palatası və Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası (FIATA) kimi beynəlxalq təşkilatların nümayəndələri, eləcə də region hökumətlərinin, beyin mərkəzlərinin, akademik və təhsil müəssisələrinin, ölkələrin nümayəndə heyətləri və nüfuzlu  biznes liderləri iştirak edirlər.

Xatırladaq ki, intellektual logistika sahəsində dünya lideri kimi tanınan “DP World” şirkəti ilə strateji tərəfdaşlıq çərçivəsində keçirilən “Xəzər həftəsi - 2023” forumu noyabrın 17-dək davam edəcək.

Onu da əlavə edək ki, 2017-ci ildə əsası qoyulan “Xəzər həftəsi” forumu Böyük Xəzər regionunda dialoq, əməkdaşlıq, innovasiya və inkişafı təşviq edən illik tədbirdir.

Rufina Abdullayeva

Top
0.10264897346497