kriminal.az
Fransanın azərbaycanlı jurnalistə qarşı qanunsuz davranışı ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

“AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovanın bu ölkənin rəsmi dairələri tərəfindən jurnalist kimi peşəkar fəaliyyətini yerinə yetirməsinə qanuni əsas göstərmədən maneçilik törədilməsini və polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” qismində ölkədən çıxarılmasını jurnalistin informasiya əldə etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirir və qınayırıq”.

Bu barədə Medianın İnkişafı Agentliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, jurnalistin məhz Azərbaycandan gəldiyini əsas götürərək peşəkar fəaliyyətinə müdaxilə edilməsi və polis nəzarəti altında saxlanılaraq təyyarəyə minənədək müşahidə altında olması hadisənin siyasi sifariş olduğunu deməyə əsas verir.

Vurğulanıb ki, bu, Fransada müxtəlif tədbirləri işıqlandıran jurnalistlərin, o cümlədən Azərbaycan media təmsilçilərinin peşəkar fəaliyyətinə maneçilik törədilməsi, onların informasiya əldə etmək hüququnun kobud, qeyri-qanuni üsullarla qarşısının alınmasına yönəlmiş növbəti addımdır.

“Biz dünyada ifadə azadlığının vəziyyətini qiymətləndirmək kimi kifayət qədər geniş və ciddi missiyanı öz üzərinə götürmüş beynəlxaq təşkilatların, jurnalistlərin hüquqlarının qorunması sahəsində ixtisaslaşmış QHT-lərin məsələyə münasibət bildirməsini tələb edirik“, - bəyanatda qeyd olunub.

21:51

Mətbuat Şurası AZƏRTAC-ın əməkdaşı Aygün Həsənovaya qarşı nalayiq rəftarı, onun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasını qətiyyətlə pisləyib.

Kriminal.Az xəbər verir ki, şuranın bununla bağlı bəyanatında bildirilir:

“Fransa müstəmləkəsi Yeni Kaledoniyada yerli polisin ora ezam olunmuş Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Aygün Həsənovaya münasibətdə nalayiq, qəddar rəftarı, ona qarşı qanunsuz davranışı - Şengen vizası olmasına baxmayaraq, əsassız tələblər irəli sürməsi Fransanın söz və ifadə azadlığına dözümsüzlüyünün aşkar göstəricisi, növbəti bariz nümunəsidir. Baş vermiş hadisə bir daha təsdiqləyir ki, özünü dünya demokratiyasının beşiyi sayan Fransa ali dəyər və priniplərə, qətiyyən, məhəl qoymur.

Yeni Kaledoniya polisinin hərəkəti qəbuledilməzdir, tam yolverilməzdir. AZƏRTAC-ın əməkdaşının saxlanılması, həbslə hədələnməsi, “arzuolunmaz şəxs” kimi təyyarəyə mindirilərək, digər ölkəyə yola salınması jurnalistin sərbəst fəaliyyətinin qarşısının qeyri-qanuni yolla alınmasıdır. Belə yanaşma yalnız diktatura rejiminə xas ölkələr üçün xarakterikdir. Düşünməyə əsas var ki, ümumən prezident Emmanuel Makronun administrasiyası Yeni Kaledoniyada, belə demək mümkünsə, avtoritarizm ocağı qurmaqdadır. Bu isə Fransa adına da son dərəcə utancverici durumdur”, - bəyanatda qeyd olunur.

“Yeni Kaledoniya xalqının zülmdən qurtulmaq, azadlığına qovuşmaq uğrundakı mücadiləsini işıqlandırmaq üçün ora səfər etmiş AZƏRTAC-ın əməkdaşı özünün peşə borcunu yerinə yetirmək istəyirdi. Azərbaycan Mətbuat Şurası hesab edir ki, ona qarşı aşkar qanunsuzluq bütövlükdə dünyanın media ictimaiyyətini düşündürməlidir. Nəzərə alaq ki, bu xoşagəlməz olay - jurnalistin fəaliyyətinin zorakı üsullarla məhdudlaşdırılması, nəinki Yeni Kaledoniyadakı, ümumən digər fransız müstəmləkələrindəki, habelə Fransanın özündəki nümayiş və mitinqləri işıqlandıran xarici media təmsilçilərinin təhlükəsizliyi məsələsini aktuallaşdırmaqdadır.

Mətbuat Şurası Yeni Kaledoniya polisinin AZƏRTAC-ın əməkdaşı A.Həsənovaya qarşı klassik diktatura quruluşlarının fəaliyyət dəst-xəttinə xas hərəkət və davranışını qətiyyətlə pisləyir və beynəlxalq təşkilatları, o cümlədən, beynəlxalq media qurumlarını baş vermiş hadisəyə münasibətdə susqun qalmamağa çağırır. Şura bu qənaətdədir ki, azərbaycanlı jurnalistin üzləşdiyi anti-insani hərəkətə layiqli hüquqi qiymətin verilməməsi cəzasızlıq mühiti formalaşdırır. Belə bir mühitin mövcudluğu isə oxşar hadisələrin təkrarı üçün presedent yaradır. Ona görə də bütövlükdə Makronun rəhbərlik etdiyi fransız diktaturasının mediaya, jurnalistikaya münasibətdə qəddarlıqdan əl çəkməyə məcbur edilməsi şərtdir. Bu şərt isə yalnız mütərəqqi ictimaiyyətin səfərbərliyi, etirazı ilə yerinə yetirilə bilər”.

Mətbuat Şurası bir daha AZƏRTAC-ın əməkdaşı Aygün Həsənovaya qarşı nalayiq rəftarı, onun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasını qətiyyətlə pisləyərək, baş vermiş olayın günahkarlarının tezliklə tapılmalarını və məsuliyyətə cəlb edilmələrini, ümumən hadisəyə müvafiq hüquqi qiymətin verilməsini tələb edib.

21:48

Fransa dünyada özünü söz azadlığının və demokratiyanın carçısı kimi təqdim etsə də, jurnalistlərin fəaliyyətinə maneçilik törətməkdən, onları təqib etməkdən və təzyiq altında saxlamaqdan, hətta təhdidlərə məruz qoymaqdan çəkinmir.

Belə ki, AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam olunmuş əməkdaşı Aygün Həsənovanın vizası olduğu halda həmin ölkəyə girişinə qadağa qoyulub.

Bu azmış kimi, jurnalist bir sutka polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” kimi ölkədən çıxarılıb. Təbii ki, məhz Bakıdan gəldiyi üçün jurnalistin ölkəyə girişinə icazə verilməyib. Çünki Fransa dövləti Yeni Kaledoniya və Fransanın digər koloniyalarında getdikcə güclənən azadlıq və müstəqillik uğrunda mübarizə barədə həqiqətlərin yayılmasını hər vasitə ilə məhdudlaşdırmağa çalışır. Jurnalistimizin məhz dekabrın 5-də keçirilməli olan mitinq ərəfəsində Yeni Kaledoniyaya daxil olmasına qadağa qoyulması da məhz bu amillə bağlıdır. AZƏRTAC-ın əməkdaşının polis nəzarəti altında saxlanılması və təyyarəyə minənədək müşahidə altında olması da bu tapşırığın birbaşa Fransa dövləti tərəfindən verilməsinə dəlalət edir. Bu, müstəmləkəçilik siyasətindən əl çəkməyən Fransanın məkrli niyyətinin daha bir təzahürüdür.

Polisdən bildirilib ki, Yeni Kaledoniyaya giriş üçün xüsusi viza tələb olunur. Lakin Yeni Kaledoniya hökumətinin nümayəndəsi də Şengen vizası ilə bu ölkəyə daxil olmağın mümkünlüyünü bildirmişdi. Məhz buna görə də Yeni Kaledoniyanın “AirCalin” aviaşirkəti AZƏRTAC-ın əməkdaşına Sinqapurdan bu ölkəyə uçuşuna icazə verərək təyyarəyə minməsinə mane olmamışdı. Qaydalara görə, hər bir sərnişinin təyinat ölkəsinə getməmişdən əvvəl vizası yoxlanılır və sonra təyyarəyə buraxılır. Lakin sərhəddə polis başqa bəhanə ilə bunun qanunsuz olduğunu bildirərək fərqli “arqumentlər” gətirib. Hətta AZƏRTAC-ın əməkdaşını həbs olunacağı ilə hədələyərək ölkədən çıxmasını tələb edib. Bununla kifayətlənməyən Yeni Kaledoniya polisi deportasiya edilərək tranzit ölkə kimi Sinqapura göndərilən əməkdaşımıza “arzuolunmaz şəxs” damğası vuraraq həmin ölkənin hava limanına məktub göndərib və onun nəzarət altında saxlanılmasını tələb edib. Lakin Sinqapur dövlətinin rəsmiləri bunu əsassız sayaraq əməkdaşımızı nəzarət altında saxlamaqdan imtina ediblər.

AZƏRTAC bu halı jurnalist fəaliyyətinin, söz və ifadə azadlığının məhdudlaşdırılması, jurnalistlərin öz vəzifəsini icra etməsinə imkan verməmək və ona qarşı qəddar davranış nümayişi kimi qiymətləndirir və bunu kəskin şəkildə qınayır. Fransa jurnalistimizə qarşı bu məhdudiyyətləri tətbiq etməklə, ona hədə-qorxu gəlməklə və qatı cinayətkarlara olan davranışı nümayiş etdirməklə dövlət səviyyəsində fundamental insan hüquqlarına və söz azadlığına əsl düşmən münasibətini aydın şəkildə nümayiş etdirdi.

Top
0.076750040054321