kriminal.az
Son 11 ayda piyadavurma ilə nəticələnən yol-nəqliyyat hadisələrində 303 nəfər həlak olub

“Cari ilin 11 ayı ərzində respublika ərazisində piyadavurma ilə nəticələnən 578 yol-nəqliyyat hadisəsi baş verib. Həmin hadisələr nəticəsində 303 nəfər ölüb, 311 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.

Bu barədə Kriminal.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, piyadavurma faktları ümumi yol-nəqliyyat hadisələrinin 38,5 faizini təşkil edir.

“Paytaxt ərazisində cari ilin 11 ayı ərzində piyadavurma ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 237 olub. Nəticədə 116 ölüm, 137 xəsarət qeydə alınıb. Piyadavurma faktları paytaxtda baş verən ümumi yol-nəqliyyat hadisələrinin 59 faizini təşkil edir. Təəssüf ki, yol-nəqliyyat hadisələrini törədən şəxslər arasında 10 ildən artıq sürücülük təcrübəsi olanlar üstünlük təşkil edir”, - deyə R.Tağıyev qeyd edib.

Könül Cəfərli

Top
0.084118843078613