kriminal.az
Moldovalı politoloq: “Kişineu Qaqauziyaya olan diqqəti tam dərk etmir” - ŞƏRH

Moldovada cərəyan edən siyasi hadisələr mətbuatın gündəmindən düşmür.

Misal üçün, bu yaxınlarda özlərini “Dnestryanı Moldova Respublikası”nın “deputatları” elan edən şəxslər Moldovanın təzyiqi ilə əlaqədar Rusiyadan kömək istəmək haqqında “qətnamə” qəbul ediblər. Bildirilir ki, söhbət, ilk növbədə, yaranmış iqtisadi problemlərin həllindən gedir.

Bundan başqa, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsul rəsmi Kişineu tərəfindən təzyiqlərlə üzləşdiyini yazdı. Bu təzyiqin arxasında da iqtisadi məqamların dayandığı məlum oldu. Məsələn, rəsmi Kişineunun Qaqauziyanın büdcəsindən əlavə dəyər vergisinin (ƏDV) qaytarılması haqqında qərarı etnik türklərin məskunlaşdığı Qaqauz Yeri bölgəsində hiddətə səbəb oldu. Ancaq sonra Moldovanın Konstitusiya Məhkəməsi Vergi Məcəlləsinə edilmiş adıçəkilən dəyişikliyin Əsas qanuna uyğun olmadığını elan etdi.  

Bəs hazırda Qaqauz Yerində vəziyyət necədir, Kişineu ilə muxtar bölgə arasında münasibətləri hansı perspektivlər gözləyir? Mövzunu moldovalı politoloq, “Intellect Group” sosioloji şirkətinin direktoru Yan Lisnevski -a şərh edib.

O qeyd edib ki, qaqauzlar həmişə Moldovanın mərkəzin hakimiyyəti ilə konstruktiv dialoqa yer saxlayıblar.

“Komrat (Qaqauz Yerinin paytaxtı - red.) kompromislərə Kişineudan daha çox hazırdır. Əhalinin 98%-i Kişineu ilə yaranan mübahisəli məsələlərin sülh yolu ilə həllinin tərəfdarıdır. Qaqauz siyasətçiləri isə istənilən çətin vəziyyətin sülh yolu ilə həllinin tərəfdarıdırlar. Moldova hakimiyyətinin hesablaşmaq istəmədiyi yeni rəhbər Yevgeniya Qutsul da vəziyyəti yumşaq şəkildə həll etməyə, Türkiyə və Rusiyanın köməyi ilə Kişineu ilə razılığa gəlməyə çalışır”, - deyə politoloq bildirib.

Yan Lisnevski “Dnestryanı Moldova Respublikası” tərəfindən verilən bəyanatın isə (Rusiya Federasiyasına kömək istəməklə bağlı müraciət - red.) təkcə Rusiyaya deyil, həm də Avropaya ünvanlandığını düşünür: 

“Bu, eyhamlarla dolu diplomatik mesaj idi. Amma Dnestryanı bölgənin bütün iqtisadiyyatı, yarımrəsmi də olsa, Avropa ölkələri ilədir, Tiraspol onlarla işləyir. Məncə, orada Rusiyanın iştirakı və təsiri minimaldır”.

Moldovalı politoloq rəsmi Kişineunun türk dünyasının diqqət və cazibə mərkəzi olan, Türkiyə, Azərbaycan, hətta Türkmənistanın infrastrukturunun inkişafına sərmayə qoyduğu Qaqauziyanın taleyinə nə qədər ciddi yanaşması məsələsinə də münasibət bildirib:

“Düşünmək istərdim ki, bu diqqət Kişineu tərəfindən nəzərə alınır. Amma adamda belə bir hiss yaranır ki, sanki bu bölgəyə olan diqqət (Qaqauziyanın türk dünyası üçün əhəmiyyəti - red.) hələ də mərkəzi hakimiyyət tərəfindən tam dərk olunmayıb. Baxmayaraq ki, Qaqauz Yeri investisiyaların cəlb edilməsi istiqamətində bariz nümunəyə çevrilib və burada söhbət təkcə Türkiyə və Azərbaycandan getmir. Dnestryanı bölgənin də Qaqauz Yeri modelini mənimsəyəcəyi ilə bağlı düşüncələr var idi. İndi isə belə bir güman yaranır ki, qaqauzlar, yeri gəlmişkən, elə moldovalılar kimi, öz bölgələrindən köçəcəklər. İstanbulda həyat Kişineudan qat-qat ucuzdur və bu, zarafat deyil. Ümumiyyətlə, Avropa şəhərlərində yaşamaq Moldovanın paytaxtında yaşamaqdan qat-qat asandır. İnsanlar bunu başa düşürlər. Amma bizim siyasətçilər başqa kateqoriyalarda fəaliyyət aparırlar. İndi onlar üçün əsas olan növbəti seçkilərdə qələbədir”.

Nair Əliyev

Top
0.075325965881348