kriminal.az
Azərbaycan millisinin kapitanı: “Olimpiadada medal qazanmaq istəyirik”

“Olimpiadada medal qazanmaq istəyirik”.

Bunu “Report”a açıqlamasında qadın şahmatçılardan ibarət Azərbaycan millisinin kapitanı Günay Məmmədzadə Ümumdünya Şahmat Olimpiadasındakı hədəfləri barədə danışarkən deyib.

23 yaşlı qrosmeyster sentyabrda Macarıstanda təşkil olunacaq yarışa yüksək səviyyədə hazırlaşdıqlarını bildirib:

“Ümumdünya Şahmat Olimpiadasına nə dərəcədə hazır olduğumuzu yarış zamanı biləcəyik. Hər zaman tam hazır olmaq üçün toplanışlarda üzərimizdə çalışırıq. Ümid edirəm ki, hazırlığımız olimpiadada medal qazanmaq üçün kifayət edəcək. Hamımız formada olsaq, ən yaxşı nəticəyə ümid etmək olar. Ötən il son oyunda qələbə qazansaydıq, olimpiya çempionu ola bilərdik. Bəxtimiz gətirmədi”.

O, Gürcüstanda yerli komanda ilə keçirilən yoldaşlıq görüşlərini də dəyərləndirib. Şahmatçı 5 turluq mübarizənin yekununda Ümumdünya Şahmat Olimpiadasının dördqat qalibi ilə heç-heçə etmələrini (12,5:12,5) qənaətbəxş nəticə adlandırıb: “Gürcüstan çox güclü komandadır. Fərdi olaraq həmişə uğurlu nəticələr qazanan şahmatçılara sahibdir. Fərdi nəticələri komanda nəticələrindən heç də zəif deyil. Etiraf edək ki, bizdən güclüdürlər. Buna baxmayaraq, onlara qarşı yaxşı mübarizə apardıq. Komandamız gənc olsa da, hər kəs ən yaxşı oyununu göstərməyə çalışır. Gürcüstanla görüşlər olimpiadaya hazırlıq baxımından çox yaxşı sınaq oldu. Belə görüşlərin komandamıza xeyri var”.

Qeyd edək ki, Gürcüstanla yoldaşlıq görüşü rəsmi xarakter daşıyıb. Nəticələr FIDE reytinqinə hesablanacaq.

Top
0.069525957107544