Bu ilin yanvar-aprel ayları ərzində istehsalatda baş vermiş 164 bədbəxt hadisənin təhqiqatı aparılıb, bu hadisələr nəticəsində 22 nəfər vəfat edib, 170 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Kriminal.Az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) məlumat verilib.
Bildirilib ki, baş vermiş həmin hadisələrin səbəbləri sırasına zərbə, yol-nəqliyyat, sürüşmə- büdrəmə, hündürlükdən yıxılma, elektrik cərəyanı ilə təmas və sairə daxildir:
Hər bir istehsalat qəzası ilə bağlı "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"na uyğun şəkildə təhqiqat işlərinin aparılması və nəticəsinə uyğun şəkildə qanunauyğun tədbirlərin görülməsi təmin edilib.
Əməyin mühafizəsi tələblərinin pozulmasına görə aidiyyəti işəgötürənlərə isə İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə müvafiq məbləğlərdə cərimələr tətbiq edilib.
İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində 159 zərərçəkmiş şəxsə "İZ" (istehsalat zədəsi) formalı akt verilib.
İnzibati tədbirlərlə yanaşı, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün önləyici tədbirlərin görülməsi ilə bağlı işəgötürənlər arasında məlumatlandırma işləri aparılıb və bu işlər mütəmadi olaraq davam etdirilir".
Könül Cəfərli