İyunun 26-da Azərbaycanın İtaliyanın hərbi-sənaye sektorunun lideri "Leonardo" şirkətindən aldığı "C-27J" tipli təyyarənin təqdimatında Prezident, Ali Baş Komandan İlham Əliyev şəxsən iştirak edərək hərbi təyyarəyə baxış keçirdi. Bundan sonra dövlət başçısının İtaliyanın müdafiə naziri Quido Krosetto və xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşü oldu. İtaliyanın hər iki rəsmisi Azərbaycana "Leonardo" şirkətinin prezidenti Stefano Pontekorvo ilə birlikdə, hərbi təyyarəni təqdim etmək üçün gəlmişdilər. Bu səfər rəsmi Romanın Bakı ilə mövcud olan strateji münasibətlərinə verdiyi önəm və dəyərin çox parlaq göstəricisidir.
"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
Avropada ən iri tərəfdaş
Bu, Prezident İlham Əliyevin adıçəkilən şəxslərlə ilk görüşü deyil. İtaliyanın müdafiə naziri Azərbaycana bir neçə dəfə səfər edib və bu, onu göstərir ki, rəsmi Bakının Roma ilə hərbi əməkdaşlıq sahəsindəki əlaqələri olduqca intensiv xarakter daşıyır. Dövlət başçısının "Leonardo" şirkətinin prezidenti ilə də təmasları mütəmadidir. "Leonardo" tək İtaliya və ya Avropada deyil, bütün dünyada hərbi-sənaye kompleksinin lideri və novatorlarından biridir.
Azərbaycanın İtaliya ilə uğurlu və məhsuldar əməkdaşlığı Bakının iqtisadi imkanları və siyasi potensialını necə məharətlə hərbi əməkdaşlıq müstəvisində istifadə etdiyinin bariz nümayişidir. Bu gün İtaliya Azərbaycanın bəlkə də ən vacib və prioritet iqtisadi tərəfdaşıdır. Bu ölkə ilə olan ticarət dövriyyəsi 15 milyard dollar həddindədir. Bu, kifayət qədər böyük göstəricidir. İtaliya Azərbaycanın enerji daşıyıcılarının sabit alıcısıdır. Romanın Avropanın və Avropa Birliyinin qabaqcıl təmsilçisi olduğunu nəzərə alsaq, iqtisadi və hərbi əməkdaşlığın siyasi tərəfdaşlığa transformasiyası, siyasi kapitalın toplanması baxımından mühüm əhəmiyyəti var.
Unikal hərbi əməkdaşlıq
Azərbaycanın İtaliya ilə hərbi əməkdaşlığı unikal xarakter daşıyır. İtaliya NATO-nun üzvü və belə demək mümkündürsə, bu hərbi təşkilatın təməl daşlarındandır. Nəzərə alsaq ki, Şimali Atlantika Alyansı uzun illər boyu Ermənistan-Azərbaycan qarşıdurmasında məsafə gözləməyə çalışıb, bu halda Bakının faktiki olaraq NATO istehsalı olan hərbi təmayüllü məhsul əldə etməsi diqqətə alınacaq amildir. Düzdür, alınan hərbi təyyarə hücum xarakterli deyil, logistik önəmə malikdir. Ancaq istənilən halda, hərbi təmayüllüdür, üstəlik, tək İtaliya istehsalçılarının ərsəyə gətirdiyi texnika deyil. "C-27J"nin istehsalında ABŞ hərbi-sənaye sektorunun da payı var.
Yeri gəlmişkən, sözügedən təyyarə Azərbaycanın "Leonardo" şirkətindən aldığı ilk və yeganə texnika deyil. Bundan əvvəl Azərbaycan "Leonardo Aircraft"ın istehsalı olan 10 ədəd "M-346" təlim-döyüş təyyarəsi də əldə edib. Bu təyyarə təcrübədə olduqca əlverişli texnika hesab edilir. Azərbaycandan başqa "M-346" təyyarəsi Polşa, İsrail və Sinqapurda da uğurla sınaqdan çıxarılır.
Azərbaycanın hərbi desantı Balkan ölkələrində
İtaliya Azərbaycanın hərbi müstəvidə əməkdaşlıq etdiyi tək Avropa ölkəsi deyil. Coğrafi baxımdan Asiyada, siyasi cəhətdən isə Avropada yerləşən İsrailin hərbi-sənaye kompleksi ilə uğurla davam edən əlaqələrin həcmi və önəmi, yaxud qardaş Türkiyə ilə hərbi kooperasiyanın miqyası təbii ki, ölçüyəgəlməzdir. Bununla belə, tək siyasi və iqtisadi deyil, həm də çoxşaxəli hərbi əməkdaşlıq Azərbaycanın geosiyasi kursunun mühüm özəlliklərindən biridir.
Bu istiqamətdə Serbiya ilə münasibətlərin ayrıca yeri var. Hərbi təmaslar hər iki dövlət üçün o qədər vacibdir ki, hətta Serbiya lideri Vuçiç bunu çıxışlarında da qeyd edir. Azərbaycanın bu ölkədən müxtəlif atıcı texnika aldığına dair mütəmadi xəbərlər dolaşır.
Özüyeriyən artilleriya sistemləri
Azərbaycanın Serbiya ilə yanaşı, Çexiya və Slovakiya ilə də hərbi sahədə uğurlu təmasları mövcuddur. Mayın əvvəlində Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri zamanı imzalanan sənədlərdən biri məhz hərbi məzmunlu olub. İki ölkə arasında hərbi məhsulların birgə istehsalı gündəmin prioritet mövzularındandır.
Slovakiya baş nazirinin Bakıya səfərindən sonra Azərbaycan müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Bratislavada keçirilən "IDEB 2024" beynəlxalq sərgisində iştirak edib. İctimailəşən xəbərlərə görə, Azərbaycan Slovakiyadan "Zuzana" özüyeriyən artilleriya sistemlərini əldə edə bilər. Bu, olduqca effektiv silahdır. Hətta o dərəcədə ki, Slovakiyanın Ukraynaya bu silahdan bir neçə ədədini verməsi ciddi polemikaya və Rusiyanın sərt reaksiyasına səbəb olmuşdu.
Azərbaycan 2020-ci ilin 44 günlük müharibəsində Çexiya istehsalı olan "DANA" özüyeriyən artilleriya sistemlərini uğurla istifadə edib. Bakı bu silahları Çexiyadan 2017-ci ildə əldə etmişdi. "Zuzana" "DANA"nın modifikasiya edilmiş versiyasıdır. Ekspertlərə görə, bu silah Rusiya istehsalı olan "Msta"nı bir sıra komponentlərinə görə geridə qoyur.
Vacib və effektiv xətt
Azərbaycan çoxqütblü geosiyasətə malik olduğu kimi, müxtəlif istiqamətli hərbi əməkdaşlıq kursuna üstünlük verir. Bu, tək hərbi əməkdaşlıq deyil, həm də siyasi baxımdan vacib və effektiv xətdir. Tək bir məqamı xatırlamaq bu qənaətimiz üçün kifayətdir: Ermənistanın baş naziri Nikol Paşinyan çıxışlarında dəfələrlə bəyan edib ki, bir çox ölkələr Azərbaycanla münasibətlərinə görə onlara silah satmaqdan imtina edirlər. Paşinyan hansı ölkələri nəzərdə tutduğunu açıq demir. Ancaq söhbətin kimlərdən getdiyini anlamaq o qədər də çətin deyil.