"Prezident İlham Əliyevin Astanada Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə görüşündə iştirakı Azərbaycanın artan nüfuzu və dövlət başçımızın qlobal miqyaslı lider kimi şəxsiyyətinə dərin hörmət və ehtiramın göstəricisidir".
Bu barədə Kriminal.Az-a deputat Bəhruz Məmmədov ölkə başçısının ŞƏT-ə üzv ölkələrin Zirvə toplantısında iştirakının əhəmiyyəti barədə şərh verərkən deyib.
O bildirib ki, Azərbaycan 2016-cı ildə imzalanmış əməkdaşlıq memorandumuna müvafiq olaraq ŞƏT-in 14 dialoq tərəfdaşından biridir:
"Ötən dövr ərzində ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ekologiyanın qorunması istiqamətində qaneedici birgə fəaliyyət ortaya qoyulub. Habelə Azərbaycan Prezidentinin terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizlik və sabitliyin təmin olunmasında yaratdığı unikal formul ayrılıqda hər bir ŞƏT üzvünün öyrənmək istədiyi müstəsna təcrübədir. Eyni zamanda ŞƏT-də Azərbaycanın sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələrində formalaşdırdığı nümunəyə çox böyük ehtiram var. Təsadüfi deyil ki, Qərbdə Natavan heykəlinə vandallıq edildiyi, Avropa Parlamenti, yaxud AŞPA-da əsassız anti-Azərbaycan ritorikanın yüksəldiyi bir məqamda, ŞƏT-in Pekindəki mənzil-qərargahında milli kimliyimizə hörmət əlaməti olaraq dahi azərbaycanlı Nizami Gəncəvinin büstü ucaldılıb, onun yubileyi keçirilib. Məhz münasibətlərin bu tendensiyasının nəticəsi olaraq İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşünə dəvət olunub. Bu gün isə artıq ölkəmiz ŞƏT-dəki mövqeyini daha da möhkəmləndirərək müşahidəçi statusu almaq niyyətindədir. Təşkilatda isə Bakıya və şəxsən İlham Əliyevə münasibət birmənalıdır. Azərbaycan Prezidenti 155 dövlətin dəstəyini alaraq ölkəsini BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvünə çevirə bilmiş, BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurlu sədrlik etmiş, hazırda isə COP29 kimi ən nüfuzlu tədbirin lider siması olaraq ŞƏT üçün arzuolunan liderdir. Habelə İlham Əliyevin regionda nail olduğu geosiyasi konfiqurasiya, onun regionda Qərb imperializmi ilə lazımi dildə danışa bilən yeganə lider olması Azərbaycanın təşkilatın baxış bucağında rolunu daha önəmli edir. Həmçinin İlham Əliyevin ümummilli liderin əsasını qoyduğu strategiyaya müvafiq olaraq reallaşdırdığı irimiqyaslı infrastruktur layihələri, ələlxüsus hərbi-siyasi yolla regionda yaratdığı reallıqlar sayəsində Azərbaycanın ehtiyac duyulan beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi ölkəmizi daha cazibədar edir".
Könül Cəfərli