kriminal.az
Ermənilərin bitməyən saxtakarlığı: Qəbul etmək istəmədikləri Qərbi Azərbaycan

Ermənistan alimləri, bu ölkənin Milli Elmlər Akademiyası tarixi saxtalaşdırmaqda davam edir. Onların ideoloqları və elm adamlarının uydurduğu "Böyük Emənistan" iddiası 44 günlük İkinci Qarabağ müharibəsi zamanı darmadağın oldu. Hətta "Qarabağ Ermənistandır" deyə hay-həşir salanlar belə indi az qala hər gün "Qarabağ Azərbaycandır" ifadəsini bütün səviyyələrdə təkrarlayır və qəbul edirlər.

Ermənistanın baş naziri Nikol Paşinyan Ağrı dağın da Türkiyəyə aid olduğunu etiraf edir. O, ölkəsinin ən hündür dağının Ağrı dağ (Ararat) deyil, Araqats olduğunu söyləyir: "Uşaqlar Ermənistanın ən yüksək dağını Araqats yox, Ararat adlandırırlarsa, bu, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları olması deməkdir".

O, çıxışlarında ölkəsində tarix dərsliklərinin də dəyişdirilməsinin vacib olduğunu söyləyib.

Ötən il Ermənistanda orta məktəblər üçün 7-ci sinif tarix dərsliyində qədim Azərbaycan şəhəri olan İrəvanın həqiqi tarixi yazılıb. Bu ölkənin təhsil fondunun rəhbəri Vaqram Soqomonyan isə bildirib ki, tarix dərsliyinə 46 düzəliş ediləcək.

Bu günlərdə yayılan məlumata görə, Nikol Paşinyan hökuməti kurikulumdakı tarix kurslarında "Erməni tarixi"nin əvəzinə müasir Ermənistan dövlətindən bəhs edən "Ermənistan tarixi"nin tədris edilməsinə dair qərar verib.

Hökumətinin "YouTube" səhifəsində canlı yayımlanan Nazirlər Şurasının iclasında ölkənin təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyanın təqdim etdiyi qanun layihəsi kabinet tərəfindən qəbul edilib. Qanun layihəsində "Erməni tarixi" əvəzinə "Ermənistan tarixi" məzmununun daxil edilməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Nazir "erməni tarixi" ifadəsinin onlar üçün problem olduğunu bildirib. Son vaxtlar qanun layihəsinin çox müzakirə edildiyini və tarix təhsilinin məzmununun dəyişdiriləcəyi ilə bağlı narahatlıqların olduğunu xatırladan Andreasyan belə bir dəyişikliyin olmayacağını da deyib.

Nikol Paşinyan da bəyan edib ki, "Erməni tarixi"nin məzmunu əvvəlki dövlətlərin xüsusiyyətlərindən çox, onların yaranması və dağılması ardıcıllığına diqqət yetirir.

Qeyd edək ki, Ermənistanın müstəqillik haqqında bəyannaməsində Türkiyəyə ərazi və saxta soyqırımı iddiası irəli sürülür. Ölkənin orta məktəblərində tədris olunan tarix kitablarında Türkiyənin bəzi şərq vilayətləri "Qərbi Ermənistan" kimi tədris olunur. Bu mövzuların da dərsliklərdən çıxarılacağı gözlənilir.

Paşinyan hakimiyyətə gəldikdən sonra tutduğu vəzifədən azad edilən qondarma Soyqırımı Muzeyinin direktoru, tarixçi Hayk Demoyan dəyişikliyin beynəlxalq ictimaiyyətin tələbləri ilə bağlı olduğunu vurğulayıb.

Tarix kitabında dəyişiklik edilməsi haqqında layihə barədə hökumətin saytında yanvarın 22-dən fevralın 7-dək səsvermə keçirilib. Bu tədbirdə 23 402 nəfər iştirak edib. Onların 49 faizi tarix kitabında dəyişikliyin lehinə səs verib.

Bütün bunlara görə Ermənistan heç bir dövlətin boynuna minnət qoya bilməz. Çünki uydurulmuş bu kimi məsələlərdən imtina etməklə ermənilər reallığı qəbul etmiş olurlar. Bu, erməni xalqının 44 günlük müharibəyədək yalanlarla yaşadığını və gözü əllərdə olduğunu təsdiqləyir.

Ötən gün Ermənistanın saxtakarlığına dair daha bir hadisə baş verib. Ölkənin Milli Elmlər Akademiyasında kartoqraf Ruben Qalçyanın iki dildə "Azərbaycanın 2014-cü ildə milli atlasının "tarixi" xəritəsi və "Qərbi Azərbaycan" uydurma termininin araşdırması" kitabının təqdimat mərasimi olub.

Bu "kitab"ın müzakirəsindən belə aydın olur ki, erməni "alimləri" hələ də tarixi saxtalaşdırmaqda davam edirlər. Azərbaycan torpaqlarında yaradılan "Ermənistan" adlı ölkənin onlara məxsus olduğunu iddia edirlər. Onlar həmin ərazilərin Azərbaycanın tarixi kitablarında "Ermənistan" adı ilə göstərilməməsinə etiraz ediblər.

Azərbaycanın tarixi torpaqları var. Həmin əraziyə Vətən Azərbaycan da demək olar. Çünki həmin yerlərin Azərbaycan vətəndaşları ilə vətən, yurd bağlılığı var.

Azərbaycan Respublikasından qərbdə, yəni indi Ermənistan adlanan ərazidə Qərbi Azərbaycan yerləşir. Həmin torpaqlardakı bütün yer və coğrafi adlar, tarixi abidələr, arxeoloji tapıntılar o ərazilərin Azərbaycan türklərinə aid olduğunu təsdiqləyir. Bundan başqa, dünyanın heç bir tarix kitabında həmin ərazilərin ermənilərə məxsusluğu qeyd edilməyib.

Bu da faktdır ki, 20-ci yüzillikdə, çar Rusiyası və sovetlərin dövründə Qərbi azərbaycanlılar "Ermənistan"dan 4 dəfə zorla çıxarılıblar.

Azərbaycanın hazırkı Baş prokuroru Kamran Əliyev müsahibələrindən birində Qərbi Azərbaycanda azərbaycanlılara qarşı cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlər görüldüyünü bildirib. Onun sözlərinə görə, öz tarixi torpaqları olan Qərbi Azərbaycandan azərbaycanəsilli şəxslərin qovulmaları, təqib olunmaları, soyqırımına məruz qalmaları, xüsusi amansızlıqla qəsdən öldürülmələri, yaşadıqları ərazilərin adlarının qəsdən dəyişdirilməsi, məhv edilməsi, onlara məxsus tarixi-mədəni abidələrin dağıdılması faktları üzrə 2023-cü il martın 30-u 2023-cü il tarixdə Cinayət Məcəlləsinin soyqırımı, əhalini deportasiya etmə və ya məcburi köçürmə, təqib, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə maddələri ilə cinayət işi başlanılıb:

"Cinayət işi üzrə toplanmış sübutlarla müəyyən edilib ki, Ermənistanın siyasi rəhbərliyinin "Böyük Ermənistan" ideyasının həyata keçirilməsi istiqamətində hazırda Ermənistan Respublikası adlandırılan ərazinin azərbaycanlılardan tamamilə təmizlənməsi planının həyata keçirilməsi üçün təşkil etdiyi qanunsuz silahlı birləşmələr tərəfindən 1905-1907, 1918-1920, 1948-1953 və 1987-1991-ci illərdə mərhələli şəkildə vahid qəsdlə hazırda "Ermənistan" adlandırılan ərazilərdə yaşayan azərbaycanlıların milli və etnik mənsubiyyətlərinə görə bütövlükdə məhv edilməsi məqsədilə onların milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən həyatdan məhrum edilib öldürülmələri, sağlamlıqlarına ağır zərər vurulması, azərbaycanlıların bütövlükdə fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaradılmaqla onlara qarşı soyqırımın törədilməsi, beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan onların qanuni yerləşdiyi yerlərdən qovulması və digər məcburi hərəkətlərlə tarixi-etnik torpaqlarından kütləvi şəkildə deportasiya edilib, didərgin salınması, habelə beynəlxalq hüquq normaları ilə qadağan edilmiş milli, etnik, mədəni və digər əsaslara görə əsas hüquqlardan kobudcasına məhrum olunmaqla təqib edilmələri nəticəsində Zəngəzur, İrəvan, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə 1905-1907 və 1918-1920-ci illərdə çoxsaylı Azərbaycan əsilli şəxslər erməni silahlı qüvvələri tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib, mülkləri yandırılaraq məhv edilməklə əmlakları talanıb, 1918-ci ilin mart ayınadək təqribən 135 000 nəfər, 1948-1953-cü illərdə təqribən 100 000 Azərbaycan əsilli şəxslər öz doğma tarixi torpaqlarından - indiki Ermənistan ərazisindən zorla köçürülməyə, təqibə və deportasiyaya məruz qoyulmuş, 1987-1991-ci illərdə 250 000-dən çox azərbaycanlı öz mülklərindən zorla qovularaq 216 azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilməklə həyatdan məhrum edilib".

1988-ci il dekabrın 11-də keçmiş SSRİ-nin birinci və sonuncu Prezidenti Mixail Qorbaçov Qərbi azərbaycanlıların zor gücü ilə qəddarcasına öz evlərindən qovulmasına sərt münasibət bildirmişdi. O, azərbaycanlıların öz evlərindən didərgin salınmasında Ermənistan rəhbərliyi və hüquq mühafizə orqanlarının iştirakını xüsusi ilə vurğulamışdı: "Yoldaşlar, mən sizə yalan danışmayacam. Mənim əlimdə bütün sənədlər var. Hadisələrlə bağlı mənə hərbi komendant məruzə edir. Bu biabırçılıqda Ermənistan rayon partiya komitələrinin katiblər, icraiyyə komitələrinin sədrləri, müəssisə rəhbərlərin və başqa orqanların başçıları iştirak edir. Yerli milisin (erməni polisi nəzərdə tutur-red.) gözü qarısında azərbaycanlıları məhv edilər. Heç kim onları müdafiə etmir. Sərhəddə (Ermənistan SSR ilə Azərbaycan SSR arasındakı ovaxtkı sərhəd nəzərdə tutur-red.) azərbaycanlıları saxlayır, bütün bəzək-zinət əşyalarını əllərindən alırlar. Qulaqlarından sırğaları, barmaqlarından üzükləri çıxarırlar. Bunlar vəhşiləşib. Bunlar banditdilər".

O, Ermənistandakı azərbaycanlı gənclərin zəhmətkeş olduğunu və cinayətkarlıqla məşğul olmadıqlarını bildirib.

Mixail Qorbaçovun bu qısa çıxışı ermənilərin törətdiyi bir çox vəhşilikləri, Qərbi Azərbaycan ərazisində etnik təmizləmə apararkən çoxsaylı qətllər törətdiklərini təsdiqləyir.

Erməni alimlər bu gerçəkliyi yenə görməzlikdən gələrək "qərbi azərbaycanlı" terminini qəbul etmək istəmir. Əksinə, yeni uydurma iddialar irəli sürürlər.

Ermənistanın ictimai-siyasi xadimləri saxtakarlığı və yalanları ilə reallığı gizlədə bilmir. Ənənəvi olaraq yalanları saxta "kitablar"la gələcək nəsillərə ötürürlər. "Kitab" yazmağa meyilli olsalar da, ermənilər əsl kitabları oxumurlar. Belə yalanlar əsasında qondarma ideyalar hazırlayır, beləcə yalanlarla yaşayırlar. "Balıq yaddaşlı" olduqlarını təsdiqləyirlər. Ermənilər bir yandan tarixlə bağlı səhvlərini düzəldir, o biri yandan isə yeni təhriflər edirlər.

"Report" İnformasiya Agentliyi

Top
0.10404396057129