"ABŞ-nin 45-ci prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdi artıq tarixi hadisəyə çevrilib".
Bunu Kriminal.Az-a açıqlamasında amerikaşünas politoloq, tarix elmləri namizədi, Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Problemlərinin Tədqiqatı Mərkəzinin aparıcı elmi işçisi Konstantin Bloxin deyib.
Xatırladaq ki, sui-qəsd cəhdi iyulun 13-də Pensilvaniya ştatının Batler şəhərində keçirilən mitinq zamanı baş verib. Tramp qulağından yaralanıb və ekspertlərin fikrincə, onun bəxti olduqca gətirib, çünki güllə dəyməmişdən əvvəl başını yana çevirib. Eyni zamanda, mitinq iştirakçılarından biri həyatını itirib, daha ikisi isə yaralanıb. Təhlükəsizlik işçilərindən olan snayper atıcını aşkar edib güllələyənə qədər o, bir neçə dəfə atəş açmağa müvəffəq olub.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən gün "Facebook" sosial şəbəkəsindəki səhifəsində Donald Trampa qarşı hücumun şok və dəhşət doğurduğunu qeyd edib.
"Biz bu siyasi zorakılıq aktını qətiyyətlə pisləyirik..." - deyə paylaşımda bildirilib.
Konstantin Bloxinin sözlərinə görə, bu hadisə (Trampın həyatına sui-qəsd cəhdi - red.), çox güman ki, ABŞ-də siyasi yarışın gedişatını artıq əvvəlcədən müəyyənləşdirib.
- Sui-qəsd cəhdindən sonra Tramp ABŞ siyasi sisteminin qurbanına, sakral (müqəddəs) qurbana çevrilir, yeni səviyyəyə keçid edir. Bunun fonunda artıq hamı baş tutan və növbəti seçkiqabağı debatları unudub.
Bu hadisə Donald Trampın elektoratını birləşdirəcək və prezidentliyə namizədə daha çox əminlik hissi verəcək, hansı ki, onun fikrincə, qələbəsi, sadəcə, qaçılmazdır. Əvvəllər, indiki Prezident Co Baydenlə müqayisədə Tramp, sadəcə, yaxşı görünürdü və reytinqləri yüksək idi. Lakin indi o, dediyim kimi, qurbana çevrilir. Aydındır ki, onun mühafizəsi gücləndiriləcək və təhlükəsizliyi daha yaxşı təmin ediləcək. Və bütün bu hadisələr Trampın xeyrinə olacaq.
- Bir çox analitiklər proqnozlaşdırırdılar ki, ABŞ-də seçki kampaniyası yavaş-yavaş vətəndaş müharibəsinə çevrilə bilər. Və budur, biz artıq prezidentliyə namizədə atəş açıldığının, onun tərəfdarlarının seçkiqabağı mitinqdə həyatlarını itirdiklərinin və yaralandıqlarının şahidi oluruq. Beləliklə, ABŞ-də vətəndaş qarşıdurmasının baş verməsi mümkündürmü?
- Əgər Donald Tramp ölsəydi, düşünürəm ki, kütləvi etirazlar, qeyri-sabitlik baş qaldırardı. Lakin hətta bu halda belə, məsələ vətəndaş müharibəsinə qədər gedib çıxmazdı. Ölkənin vətəndaş müharibəsi nəticəsində dağılması hakimiyyətdə olan ABŞ elitası üçün qəti şəkildə sərfəli deyil, axı o, hər şeyi itirə bilər. Beləliklə də, irimiqyaslı etirazlar, bəzi məqbul sərhədlərdən kənara çıxarsa, sadəcə olaraq, yatırılacaq. ABŞ-də, Rusiya və SSRİ-də olduğu kimi, Yeltsin və Qorbaçov kimi siyasətçilər yoxdur. Bayden məsxərəyə qoyulsa da, o, öz məqsədini başa düşür - öz hakimiyyətini, ABŞ-nin hökmranlığını və təsir gücünü saxlamaq. ABŞ elitasının çox hissəsi də öz qarşısına eyni məqsədləri qoyub.
- ABŞ cəmiyyətində bəzi narahatedici gözləntilərin və qorxuların olması mümkündürmü? Hollivud ABŞ-də yeni vətəndaş müharibəsi haqqında filmlər çəkir...
- Bu qəbildən alarmizm (təşviş, narahatlıq, panika halı - red.) həmişə mövcuddur. Baxın, nisbi desək, əgər Tramp hakimiyyətə gələrsə, o zaman ölkənin sonu gələcək, vətəndaş müharibəsi baş verəcək.
Və hər iki partiya - Demokratlar və Respublikaçılar - qarşıdan gələn seçkini ABŞ-nin "son şansı" kimi nəzərdən keçirir. Demokratlar hesab edirlər ki, Tramp qalib gələrsə, o zaman hakimiyyətə hər cür faşistlər, irqçilər və Putinin agentləri gələcəklər. Respublikaçılar hesab edirlər ki, Bayden qalib gələrsə, qeyri-qanuni miqrant dəstələri ABŞ-ni zəbt edəcəklər, hakimiyyət kosmopolit transmilli şirkətlərə və LGBT icmasının nümayəndələrinin rəhbərlik etdiyi təşkilatlara məxsus olacaq və s.
- Sui-qəsd cəhdini nəzərə alsaq, Trampın qalib gəlmək şansı xeyli artıb ki, bütün analitiklər bunu etiraf edirlər. Yadımdadır ki, Trampın ilk prezidentlik dövründə Vaşinqton iki il ərzində Gürcüstana səfir təyin etməmişdi. Həmçinin, Azərbaycanın işlərinə də ABŞ müdaxilə etmirdi. Tramp Ağ Evə qayıtdıqdan sonra bu siyasət davam edəcəkmi?
- Düşünürəm ki, ilk prezidentlik dövründə Trampın başı müxtəlif istiqamətlərdən gələn hücumları dəf etməyə qarışıb. Elə iki impiçment cəhdi nəyə desən, dəyər.
Amma əslində, Trampın diqqət obyekti Rusiya və ya MDB ölkələri deyil, Çindir. Beləliklə də, hələ təkcə bu səbəbdən Tramp postsovet məkanının dövlətləri üçün sərfəlidir, çünki onlar ABŞ ilə çox da sıx əlaqədə olmaq istəmirlər.
Eyni zamanda, çətin ki, ABŞ-də isteblişment Trampa ölkənin xarici siyasətinin trayektoriyasını dəyişmək imkanı versin.
Nair Əliyev