kriminal.az
Ermənistan Atom Elektrik Stansiyasında qəza: Ölkənin enerji sistemindən ayrıldı

Ermənistanın Atom Elektrik Stansiyasında (AES) qəza baş verib və bu səbəbdən AES ölkənin enerji sistemindən ayrılıb.

Kriminal.Az-ın xəbərinə görə, bu barədə Ermənistan KİV məlumat verib.

Daha əvvəl "Ermənistanın Elektrik Şəbəkələri" şirkətindən verilən məlumata görə, AES-in elektrik enerjisi sistemindən ayrılması ilə əlaqədar "Yüksəkgərginlikli Elektrik Şəbəkələri" şirkətinə məxsus yarımstansiyanın avtomat rejimi dayandırılıb.

Qəza nəticəsində İrəvanın bir sıra inzibati rayonları, eləcə də Eçmiədzin və Armavir vilayətlərinin enerjisi kəsilib. Daha sonra elektrik enerjisinin verilməsi bərpa edilib.

"Baş verənlərin səbəbləri araşdırılır", - deyə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan "Facebook" sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, Ermənistanda 1976 və 1980-ci illərdə istismara verilmiş VVER-440 reaktorları əsasında fəaliyyət göstərən iki enerji blokuna malik bir AES var. AES-in işi 1989-cu ilin martında Spitak zəlzələsindən sonra dayandırılıb, lakin ikinci enerji bloku 1995-ci ilin noyabrında yenidən işə salınıb. Mövcud AES blokunun istismar müddəti 2026-cı ilə qədər uzadılıb.

Ermənistan hökuməti AES-in istismarının 2036-cı ilə qədər uzadılması prosesinə başlanması ilə bağlı qərar qəbul edib.

Top
0.13000297546387