Boks əfsanəsi Mayk Tayson və məşhur yutuber Ceyk Pol arasında maraqla gözlənilən qarşılaşma sürpriz nəticə ilə başa çatıb.
Bu barədə Kriminal.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, türkiyəli idman spikeri Bilgehan Demir Mayk Tayson - Ceyk Pol görüşünün son anlarında göz yaşlarını saxlaya bilməyib.
"Mayk Tayson yıxılmır, görüşü ayaqüstə tamamlayır", - deyə o bildirib.
Qeyd edək ki, super ağır çəki dərəcəsində keçmiş mütləq dünya çempionu, 58 yaşlı Tayson 27 yaşlı ABŞ-li bloqer Ceyk Pola qarşı boks görüşündə məğlub olub. AT&T stadionunda (ABŞ, Texas ştatı, Arlinqton) keçirilən görüş səkkiz raund davam edib və Pol hakimlərin yekdil rəyi ilə qalib elan edilib.
Bu qarşılaşma dünyanın ən bahalı döyüşü kimi tarixə düşüb. Mayk Tayson və Ceyk Pol hər biri döyüşdən təxminən 20 milyon dollar qazanacaqlar.