kriminal.az
Rusiya baş nazirinin Bakı səfəri: Kremlin “Azərbaycan gündəliyi” - TƏHLİL

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin Azərbaycana səfəri iki ölkə arasında son dərəcə uğurlu və səmərəli əməkdaşlıq mühitinin gələcəyini proqnozlaşdırmağa imkan verir.

Mişustinin Bakı qrafiki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, verilən mesajlar strateji tərəfdaşlıq əlaqələrinin güclənəcəyi ehtimalını artırır.

Söz yox ki, Mişustinin Bakıya səfəri Rusiya ilə Ermənistan strateji əlaqələrindəki əhəmiyyətli soyuma prosesi fonunda Kremlin “Azərbaycan qiymətləndirməsindəki” yeniliklərlə əlaqədar da şərh oluna bilər.

Bildirmək zəruridir ki, Ermənistanın Rusiyanı bəyanatlarla “dişləməsi”nin, vektorunu sürətlə Qərbə tərəf dəyişdirməsinin doğura biləcəyi təhlükəli regional ssenarilər Bakının da təhlil predmetinə daxildir.

Çünki Rusiyanın Ermənistanı necə cəzalandıracağı hələ tam aydın deyil və bunun regionun həssas bucaqlarına təsirləri qeyri-müəyyəndir.

Azərbaycan, onsuz da, başa düşür ki, Rusiya-Ermənistan siyasi-diplomatik gərginliyi hərbi fazaya qədər irəliləyə bilər.

Buna görə də Rusiya ilə Ermənistanın bir-birlərinə verdiyi qarşılıqlı siqnalların analizinə ehtiyac duyulur. Bakı Moskva ilə İrəvanın interaktiv ritorikalarının Ermənistanın başına gətirə biləcəyi fəlakətli nəticələri diqqətdə saxlayır.

Çünki səbəb nə olursa-olsun, Ermənistanın Qərbdən aldığı təlimatların taktiki ardıcıllığı razılaşdırılıb və İrəvan prosesi sürətlə icra etməyə başlayıb.

İrəvanın vermək istədiyi rəsmi qərarların Rusiyanın Ermənistandakı iqtisadi, siyasi və hərbi mövcudluq sferasına mənfi təsir göstərəcəyi aydındır.

Təbii ki, bu, regiondankənar oyunçuların Ermənistan üzərindən Rusiyaya qarşı strateji cəbhə açmaq direktivlərini təcəssüm etdirir. Azərbaycan prosesin Bakı-İrəvan sülh gündəliyinə təsirlərini incə akt kimi nəzərdən keçirir. Bu baxımdan, Azərbaycan Moskva ilə əlaqələrin dinamikasına və Qərblə Rusiya arasındakı xarici siyasətinin balansına xüsusi diqqət yetirir.

Hər bir vəziyyətdə, Mişustinin Bakı proqramı Rusiyanın Azərbaycan və Ermənistan arasındakı çəki fərqini ciddi şəkildə dəyişdirməsinin baş verdiyi zamanda diqqətəlayiqdir.

Rusiya, sözsüz ki, Azərbaycanın yaratdığı geosiyasi reallıqların cövhərini nəzərə almağa məcburdur, Ukraynadakı müharibə səbəbi ilə Moskvanın üzləşdiyi qlobal təchizat problemi onu Bakı ilə bir az da yaxınlaşdırır.

Başqa bir cəhətdən, Kreml Azərbaycanın:

- Türkiyə ilə strateji müttəfiqliyinin geosiyasi təsirlərini,

- Qərblə əlaqələrinin Moskvaya qarşı ox yaratmaq niyyətində olmadığını,

- Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizindəki tranzit qiymətini,

- Hərbi qüdrətinin regional reallıq formalaşdırmaq bacarıqlarının mövcudluğunu nəzərə almaq məcburiyyətindədir.

Mişustinin səfəri bütün bu sadalananların müşayiətində sonrakı regional proseslərin gedişini ortamüddətli perspektivdə müəyyən edəcək hadisələrdən biridir.

Cari hədəflər üçün isə Qərbin sanksiya təzyiqi altında olan Rusiya yeni bazarları inkişaf etdirməyə, tərəfdaşlarla ticarət dövriyyəsini artırmağa kömək edəcək nəqliyyat və logistika sistemi yaratmağı planlaşdırır.

Azərbaycan hazırda Rusiya üçün çıxışı bağlı olan digər bazarların bir hissəsini əvəz edə biləcək böyüyən bazardır.

Rusiyanın Baş naziri Mişustinin Bakıya gətirdiyi “gizli qovluq”da bu məsələlərin daha çox əks olunduğunu deyə bilərik.

Verilən bəyanatların da ruhundan bunu hiss etmək mümkündür. Bu, geoiqtisadi sfera vasitəsilə uzunmüddətli perspektiv üçün geosiyasi alətlər formalaşdırıb inkişaf etdirmək layihəsinin bir hissəsidir.

Hesab etmək olar ki, Azərbaycanla Rusiya Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində alternativ bazarlar ideyasını inkişaf etdirəcək. 

Nəqliyyat qovşaqlarının gücləndirilməsi məsələsi vacib olduğundan Zəngəzur dəhlizi layihəsinin də əhəmiyyəti Rusiyanın gözündə daha da böyüyəcək.

Aqşin Kərimov

Top
0.070147037506104