Bu gün “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı, Milli Məclisin birinci, ikinci və üçüncü çağırışının deputatı, Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Anar Məmmədxanovun vəfat etməsindən 13 il ötür. Məşhur kapitan ürək çatışmazlığı nəticəsində həyatını itirib.
Kriminal.Az xatırladır ki, Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakıda anadan olub.
Bakının 160 saylı orta məktəbini bitirib, 1987-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub. 1988-ci ildə məşhur “Bakılı oğlanlar” komandasını yaradıb, 1991-ci ildə Bakı Şən və Hazırcavablar Klubunun prezidenti olub.
Anar Məmmədxanov o dövrdə Azərbaycanın ən gənc deputatı olub. O, üç dəfə - 1995-ci ildə 19 saylı I Suraxanı dairəsindən, 2000 və 2005-ci illərdə müstəqil namizəd kimi Milli Məclisə deputat seçilib.
1992-ci ildə ŞHK Ali Liqasının çempionu, 1993-cü il ŞHK Ali Liqasının finalçısı, ŞHK Yay Kubokunun sahibi (1995), XX əsrin on ən yaxşı komandası turnirinin çempionu (2000) olub.
Anar Məmmədxanov 2011-ci il aprelin 23-də vəfat edib. Bir oğlu və iki qızı qalıb.