kriminal.az

Olimpiya atəşkəsi və ya ekexeyriya eramızdan əvvəl VIII əsrdə yaranmış qədim yunan ənənəsidir. 1992-ci ildə Beynəlxalq Olimpiya Komitəsi bu ənənəni bərpa edib. BMT Baş Assambleyası bir il sonra müvafiq qətnaməsi ilə üzv dövlətləri hər Olimpiya Oyunlarının açılışından yeddi gün əvvəl və bağlanmasından yeddi gün sonrakı dövr ərzində bütün hərbi əməliyyatları dayandırmağa çağırıb.

Bu çağırışa əməl edənlər qədər etməyənlər də olub. Məsələn, 2000-ci ildə Sidney Yay Olimpiya Oyunlarının açılış mərasimində Cənubi və Şimali Koreya nümayəndə heyətləri eyni bayraq altında birlikdə stadiona çıxmışdılar. Bu, iki bölünmüş ölkənin yan-yana addımladığı ilk Olimpiada idi. Amma 1964-cü ildə Tokio, 1968-də Mexiko, 1972-ci ildə Münhen Olimpiya Oyunlarında iştirak edən ABŞ eyni zamanda Vyetnamı bombardman edib. Bu kimi nümunələr çoxdur.

Paris Yay Olimpiya Oyunlarına da çox az müddət qalıb. İyulun 26-dan avqustun 11-dək davam edəcək turnirin devizi "Hər kəs üçün açıq oyunlar" olsa da, oraya Rusiya-Ukrayna müharibəsini açıq şəkildə dəstəkləyən idmançılar buraxılmayacaqlar. Eləcə də, lisenziya qazanmış Rusiya və Belarusdan olan idmançılar neytral statusda çıxış etməli olacaqlar.

Maraqlıdır, Paris-2024 ərzində Rusiya ilə Ukrayna arasında 2022-ci ildən davam edən müharibə dayandırılacaqmı?

Mövzunu Kriminal.Az-a şərh edən politoloq Cümşüd Nuriyev bununla bağlı optimist düşüncədə deyil:

"Çox təəssüf ki, dünyada artıq bütün ənənələr pozulub. Bu, acı reallıqdır. Bəli, keçmişdə Olimpiya Oyunları keçiriləndə ən qatı düşmənlər, padşahlar, krallar müharibələri dayandırırdılar.

Artıq belə deyil. Hətta bu il keçiriləcək Olimpiya Oyunlarının Fransanın paytaxtında olması müharibənin daha da qızışmasına səbəb ola bilər.

Fransa Prezidenti Emmanuel Makron, əslində, Ukraynanı müharibəyə sövq edir. Bu onun xislətindən irəli gəlir. Olimpiya Oyunlarının başlamasına cəmi bir ay qalıb, Makron isə parlamenti buraxır. Onun hökuməti müstəmləkələrdə etiraz aksiyalarını yatırmaq məqsədilə həbslər həyata keçirir. Makronun siyasəti sayəsində ölkəsi artıq dünya arenasında nüfuzunu itirməkdədir. O da birmənalı şəkildə uduzduğu hakimiyyətin əvəzini xalqdan çıxmaq istəyir. Buna görə də Fransada, Parisdə keçiriləcək Olimpiya Oyunlarının sülh üçün vasitə olacağına şübhə edirəm. Hətta hesab edirəm ki, bu oyunlar zamanı terror aktlarının törədilməsi ehtimalı da yüksəkdir.

Digər tərəfdən, Rusiya cəbhə xəttində irəliləməkdədir, belə görünür ki, müharibə ilin axırına kimi davam edəcək".

Anar Həsənov

Top
0.099010944366455