BRICS üzvlüyünə namizəd olan bütün ölkələrin adları açıqlanıb.
"İzvestiya" nəşri BRICS-ə tamhüquqlu üzv və ya tərəfdaş dövlət kimi qoşulmaq istəyən ölkələrin tam siyahısını əldə edib.
Məlumata görə, ümumilikdə 28 dövlət var ki, bunlar Azərbaycan, Əlcəzair, Banqladeş, Bəhreyn, Belarus, Boliviya, Venesuela, Vyetnam, Honduras, Zimbabve, İndoneziya, Qazaxıstan, Kuba, Küveyt, Mərakeş, Nigeriya, Nikaraqua, Pakistan, Seneqal, Suriya, Tailand, Türkiyə, Uqanda, Çad, Şri-Lanka, Ekvatorial Qvineya, Eritreya və Cənubi Sudandır.
"Onların hamısı namizəddir və qrupa qoşulmaqda maraqlıdırlar. Namizədlərlə və onların qrupa qoşulma formatı ilə bağlı məsələlər BBRICS-in oktyabrda Kazanda keçiriləcək sammitində (ölkə liderləri səviyyəsində sammit bu il birlik çərçivəsində başlıca tədbirdir. - red.) həll olunacaq. Bununla əlaqədar olaraq Kazanda genişləndirilmə ilə bağlı bəyanatın elan edilib-edilməyəcəyi hələ dəqiq deyil", - deyə diplomatik mənbələr bildiriblər.
Həmçinin qeyd edilib ki, beynəlxalq aləmdə hələ tam tanınmayan Fələstin də birliyə maraq göstərib. Fələstin müşahidəçi dövlət və ya tərəfdaş kimi birliyə qoşula bilər.