Türkiyə İsveçrədə Ukrayna ilə bağlı keçirilən sülh sammitinin təşkilatçılarından İstanbuldakı Yunan patriarxlığının başçısı Varfolomeyin yekun bəyanatı imzalaması ilə əlaqədar izahat tələb edib.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçeli "X" sosial şəbəkəsində məlumat verib.
"İstanbuldakı Yunan patriarxlığının Ukrayna üzrə sülh sammitində dövlət statusu ilə iştirak etdiyi və bizim nazirimizin də sammit çərçivəsində patriarx Varfolomeylə rəsmi ikitərəfli görüş keçirdiyi barədə xəbərlər reallığa uyğun deyil", - deyə Keçeli yazıb.
Onun sözlərinə görə, Türkiyənin patriarx Varfolomeyin statusuna dair mövqeyi dəyişməz qalır.
Xatırladaq ki, patriarx Varfolomey Bürgenştokda Ukrayna ilə bağlı konfransa qatılıb, çıxış edib və yekun bəyanata imza atıb.
Ukrayna böhranının həlli ilə bağlı İsveçrədə keçirilən sammit nəticəsində nüvə təhlükəsizliyi, bütün hərbçi əsirlərin dəyişdirilməsi və sərbəst dəniz gəmiçiliyi barədə yekun bəyanat imzalanıb.
Qeyd edək ki, Türkiyə hakimiyyəti iqamətgahı İstanbulun Fənər rayonunda yerləşən Konstantinopol Pravoslav Kilsəsinin ümumbəşəri statusunu tanımır. Türkiyə hakimiyyəti patriarx Varfolomeyə yerli keşiş kimi baxır və onu pravoslav yunan icmasının başçısı adlandırır. Patriarxa, həmçinin, siyasi fəaliyyətlə məşğul olmaq qadağandır. 1923-cü il Lozanna sülh müqaviləsinə əsasən, Türkiyədə Konstantinopol patriarxının statusu ölkədə yaşayan yunanlara dini ayinlər keçirməklə məhdudlaşır.
Mənbə: RBK