kriminal.az
Azərbaycan və Şimali Qafqazı birləşdirən dəyərlər: dostluq, qarşılıqlı hörmət və dəstək

Azərbaycanla Şimali Qafqazı çoxəsrlik dostluq, əməkdaşlıq və qardaşlıq tarixi bağlayır. Tarixi əlaqələr və əməkdaşlıq münasibətlərinin kökü isə qədim və orta əsrlərə gedib çıxır. Əsrlər boyu Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsi region xalqları üçün prioritet təşkil edib. Azərbaycan bölgədə təhlükəsizliyin möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Qafqaz xalqları ilə hər zaman əməkdaşlığın və tarixi əlaqələrin gücləndirilməsinə çalışıb.

Şübhəsiz ki, münasibətlərin möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu olub. Ulu öndər Qafqazda gedən qarşıdurma və gərginliklərin səngiməsində, sülhün əldə olunmasında hər zaman vasitəçilik təşəbbüsləri ilə çıxış edib. Təsadüfi deyil ki, bunları ölkəmizə səfər edən Qafqaz xalqlarının liderləri xüsusi qeyd ediblər. Heydər Əliyevin tarixdə rolunu, xalqlarımız arasında münasibətlərin möhkəmlənməsində rolunu Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin sədri Müfti İsmayıl-Hacı Berdiyevin sözləri ilə davam etdirmək olar: "Biz hamımız Heydər Əliyevlə fəxr edirdik. Sovet dövründə fəxr edirdik ki, Sov. İKP MK Siyasi Bürosunda bir müsəlman olub".

Qafqaz xalqları tərəfindən vaxtilə birmənalı şəkildə regionun ağsaqqalı kimi qəbul edilən ümummilli liderin Şimali Qafqaz xalqlarına münasibətdə göstərdiyi diqqət və qayğı, onun layiqli davamçısı olan Prezident İlham Əliyevin Qafqazda düşünülmüş şəkildə apardığı dostluq, qardaşlıq və əməkdaşlığa əsaslanan siyasəti nəticəsində Azərbaycan Qafqaz xalqlarının ümumi dəyərlər ətrafında birləşməsində əhəmiyyətli rol oynamaqdadır.

Məhz İlham Əliyevin idarəçiliyi illərində Qafqaz xalqları arasında münasibətlər ən yüksək həddə çatıb. Hazırda da Prezidentin apardığı dini, mədəni və mənəvi əməkdaşlığa əsaslanan siyasət nəticəsində Azərbaycan Qafqaz xalqlarının ümumi dəyərlər ətrafında birləşməsində əhəmiyyətli rol oynamaqdadır.

İlham Əliyevin milli maraqlara əsaslanan, səmərəli və praqmatik xarici siyasət həyata keçirməsi dövlətimizin region ölkələri ilə və beynəlxalq müstəvidə əməkdaşlığına mühüm töhfələr verir. Dövlət başçımızın Rusiyanın Şimali Qafqazdakı subyektləri ilə hərtərəfli əlaqələrin inkişafı istiqamətində ardıcıl xəttə əsaslanan siyasəti regionda bizimlə ortaq dini, milli, mədəni və mənəvi dəyərlərə malik olan xalqlar tərəfindən yüksək qiymətləndirilir. Təbii ki, bu dəyərlərin daşıyıcılarında ümumi fikrin formalaşmasında xalqlarımızın mənimsədiyi milli, dini və mədəni birlik, həmçinin həmrəylik amilləri əsas rol oynayır.

Məsələn, Azərbaycan Prezidentinin şəxsi yardımı sayəsində Vladiqafqazda yenidən bərpa olunmuş Muxtarov məscidinin açılışını xatırlayaq. 1908-ci ildə azərbaycanlı xeyriyyəçi Murtuza Muxtarov tərəfindən tikilmiş, Şərq memarlığının ən gözəl ənənələrini özündə ehtiva edən nəfis məscid binası Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin dövlət başçımıza müraciətinə əsasən, Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində bərpa olunub. Bu gün bu məscid Vladiqafqazda memarlıq incisi sayıla bilər. Azərbaycan-Şimali Osetiya xalqları arasında mənəvi vəhdət rəmzi olan bu məscid uzun əsrlər boyu Azərbaycan və Qafqaz xalqları arasında dostluq və qardaşlığımızı simvolizə edən mənəviyyat abidəsi olaraq qalacaq. Ölkə daxilində və onun hüdudlarından kənarda dini-mənəvi mədəniyyət abidələrinə qayğı və himayəsini əsirgəməyən dövlət başçımızın qlobal miqyasda multikulturalizm, İslam Həmrəyliyi ideyalarının fəal müdafiəçisi kimi çıxış etdiyini, tarixi, dini-mənəvi, milli mədəni və ümumbəşəri irsə yüksək diqqət nümayiş etdirdiyini xüsusi vurğulamaq gərəkdir.

Son dövrlər Şimali Qafqaz respublikaları başçılarının Azərbaycana səfərləri, eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqaza səfəri, vaxtilə bu şəhərdə azərbaycanlı messenat Murtuza Muxtarovun tikdirdiyi məscidin Azərbaycan Prezidentinin birbaşa diqqət və qayğısı, dövlətimizin maliyyəsi hesabına təmir edilməsindən sonra açılışında iştirakı bu münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir.

Eləcə də, Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun Bakıya səfəri zamanı İlham Əliyev xüsusi olaraq qeyd etmişdi ki, bizim Çeçenistan Respublikası və Şimali Qafqazın digər respublikaları ilə münasibətlərimiz Azərbaycanla Rusiya arasında münasibətlərin mühüm amilidir: "Siz bilirsiniz ki, bu münasibətlər uğurla inkişaf edir. Biz strateji tərəfdaşlarıq. Dövlət başçılarının çoxlu səfərləri olub. Son beş ildə Rusiya Prezidenti Azərbaycana dörd dəfə səfər edib və bu ilin sentyabrında mən də Rusiyaya səfər etdim, o da Azərbaycana gəldi. Biz çox fəal qarşılıqlı fəaliyyət göstəririk və çox yüksək etimad səviyyəsi mövcuddur".

Qeyd olunanlardan belə bir nəticə çıxarmaq olar ki, Qafqaz xalqları arasındakı münasibətlər sarsılmazdır və heç bir qüvvə də onu sarsıtmaq iqtidarında deyil. İldən-ilə bu münasibətlər daha da güclənir, möhkəmlənir. Xüsusilə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası ilə bu münasibətlər özünün pik həddinə çatıb. Qafqaz xalqları 44 günlük müharibə və sonrakı dövrdə Azərbaycanın haqq işinə dəstək nümayiş etdiriblər.

Sonda isə xüsusi qeyd etmək yerinə düşər ki, həqiqətən də, uzun illər ərzində - sovet dövründə, kommunist rejiminin ən çətin vaxtlarında xalqlarımız bir-birinə arxa-dayaq olub. Yəni dövlətlər ayrı-ayrı olsa da, bizi mənəvi cəhətdən ayırmaq mümkün olmayıb. Birlikdə Qafqazda sülhün, qardaşlığın təmin olunması üçün bütün imkanlardan istifadə edilir. Bu sırada ümumi "Qafqaz evi"nin yaranması ideyasını yada salmaq olar.

Onu da qeyd edək ki, Şimali Qafqaz xalqlarını Azərbaycan xalqı ilə birləşdirən daha bir cəhət din və mədəniyyət birliyi ilə yanaşı, dil qohumluğunun olmasıdır. Bu fakt xalqlarımızı mənəvi cəhətdən daha da yaxınlaşdırır.

"Report" İnformasiya Agentliyi

Top
0.063943862915039