Çempionlar Liqasında bu mövsümdən yeni format tətbiq ediləcək.
Kriminal.Az xəbər verir ki, yeni formatda oyunlar 17-19 sentyabrda başlayacaq və 2025-ci il yanvarın 29-dək davam edəcək. Liqa mərhələsini ilk 8 sırada bitirən komandalar birbaşa 1/8 finala yüksələcəklər.
Xal cədvəli əsasında yarışacaq komandalardan 9-24-cü pillələri tutanlar isə 1/8 final üçün pley-off oynayacaqlar. 24-cü sıradan aşağıda olanlar isə avrokuboklarla vidalaşacaqlar.
Ümumilikdə 36 komandanın yer alacağı formatda iştirakı dəqiqləşən 32 klub bunlardır:
1-5. "Atalanta", "Bolonya", "İnter", "Yuventus", "Milan" (İtaliya);
6-10. "Borussiya" (Dortmund), "Bavariya", "Leyptsiq", "Bayer Leverkuzen", "Ştutqart" (Almaniya);
11-14. "Arsenal", "Aston Villa", "Liverpul", "Mançester Siti" (İngiltərə);
15-18. "Atletiko", "Barselona", "Jirona", "Real" (İspaniya);
19-21. "Brest", "Monako", PSJ (Fransa);
22-23. "Benfika", "Sportinq" (Portuqaliya);
24-25. "Feyenoord", PSV (Niderland);
26-27. "Zalsburq", "Şturm" (Avstriya);
28. "Seltik" (Şotlandiya);
29. "Brügge" (Belçika);
30. "Şaxtyor" (Ukrayna);
31. "Sparta Praqa" (Çexiya);
32. "Yanq Boyz" (İsveçrə).
Daha 4 komandanın adına isə bugünkü pley-off oyunlarından sonra aydınlıq gələcək. Təmsilçimiz "Qarabağ" Xorvatiyanın "Dinamo Zaqreb" komandasını mübarizədən kənarlaşdırsa, adını əsas mərhələyə yazdıracaq.
Püşkatmada 4 səbət olacaq və hər səbətdə 9 komanda yer alacaq. 36 komandanın iştirak edəcəyi püşkatmada komandalara hər səbətdən 2 rəqib çıxacaq. Hər klub yeni formatda 8 oyun keçirəcək - 4 ev, 4 səfər. Yekunda xal sıralaması əsasında 1/8 finala yüksələnlər, pley-off oynayanlar və turnirlə vidalaşanlar məlum olacaq.