kriminal.az
Azərbaycan bütün dünyada nə qədər əhəmiyyətli rola malik olduğunu göstərdi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icra katibi Simon Stiell İqlim Şəffaflığı üzrə Bakı Qlobal Platformasının işə salınmasını alqışladığını bildirib. Bu, COP29 çərçivəsində Azərbaycanın təşəbbüsü ilə yaradılan İqlim Şəffaflığı üzrə Bakı Qlobal Platformasının qlobal əhəmiyyətini, Azərbaycanın isə artıq qlobal məsələlərin həllində əsas ölkələrdən biri olduğunun əyani sübutudur. Azərbaycan bununla həm də bütün dünyada nə qədər əhəmiyyətli rola malik olduğunu göstərir.

Mövzunu Kriminal.Az-a şərh edən COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyevanın sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizə və 1,5 (dərəcə selsi) qlobal temperatur limitinə nail olmaq, eyni zamanda, iqlim dayanıqlığının gücləndirilməsi və maliyyə axınının müəyyən edilən bu hədəflərə çatmaq üçün uyğun olması ilə bağlı 2015-ci ildə dünya dövlətləri Paris razılaşmasını imzalayıblar: "Emissiyaları azaltmaq, dayanıqlığı qurmaq, maliyyə, texniki və potensialın artırılması üzrə dəstək məqsədilə - ölkələrin bu istiqamətdə hansı irəliləyişə nail olduğunu bilmək üçün şəffaflıq hesabatları əsas indikator rolunu oynayır. Şəffaflığı təmin etmək məqsədilə Paris razılaşması üzrə Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsi yaradılıb. Bu hesabatlar - ikiillik Şəffaflıq hesabatları (BTR) bu il COP29 zamanı inkişaf etməkdə olan tərəf dövlətlər tərəfindən təqdim ediləcək. Həmçinin, bu hesabatlar hədəflərə çatmaq üçün əlavə dəstəyin lazım olub-olmamasını müəyyən etmək üçün də yararlıdır. Bu hesabatlar sistemə inamı və hesabatlılığı gücləndirir, ölkələri öz çatışmazlıqlarını görərək bu çatışmazlıqların aradan qaldırılmasında daha düzgün qərar verməsinə dəstək olur, mənalı hədəflər qoymağa kömək edir, daxili siyasət üçün məlumat mənbəyi olur, həmçinin potensialın artırılması üçün kənar dəstəyi cəlb etməyə kömək edir. Müntəzəm hesabatlılıq və yoxlama inkişafı və irəliləyişi daha yaxşı anlamağa kömək edir".

"Bu istiqamətdə Azərbaycanın COP29 sədrliyinin iqlim şəffaflığı sahəsində mühüm irsi olacaq "Bakı Qlobal İqlim Şəffaflığı Platforması" yaradılıb və bir neçə gün öncə təqdim edilib. Bu platformanın əsas məqsədi qlobal səviyyədə iqlim şəffaflığı üzrə əməkdaşlığı gücləndirmək, ölkələr arasında etimad mühitini formalaşdırmaq və inkişaf etməkdə olan ölkələrə BTR-ların hazırlanması prosesində dəstək verməkdir. Azərbaycanın iqlim dəyişmələri ilə mübarizədə qlobal səylərin gücləndirilməsinə verdiyi töhfələr hər zaman alqışlanır. Buna misal olaraq ölkəmiz tərəfindən qarşıya qoyulan hədəfləri - 1990-cu illə müqayisədə istixana qazı emissiyalarını 2030-cu ilə qədər 35%, 2050-ci ilə qədər isə 40% azaltmaqla bağlı milli hədəfləri göstərmək olar", - deyə müsahibimiz vurğulayıb.

COP29 rəsmisi onu da əlavə edib ki, bu istiqamətdə ölkəmizin təşəbbüsü ilə yaradılan İqlim Maliyyəsi Fondunu misal çəkmək olar ki, burada da Azərbaycan tərəfindən yeni maliyyə mexanizminin yaradılması təklif edilir. Bu fond vasitəsilə qrant əsaslı maliyyələrin ayrılması üçün Azərbaycan 1 milyard dollar vəsait toplamağa çalışır. Qrant əsaslı töhfələrin məqsədi isə iqlim dəyişikliyindən ən çox əziyyət çəkən və yox olma təhlükəsi ilə üz-üzə qalan kiçik ada dövlətləridir".

Mərahim Nəsib

Top
0.049955129623413