kriminal.az
Şimal axını necə partladıldı?

Qan Turalı yazır...

Zelenskinin "Şimal axını"nın partladılması planını veto etməsi planın təşkilatçılarında elə də böyük bir narahatçılıq yaratmadı. Plan ləğv edildi. Onsuz da ilk plan son dərəcə qarışıq və mürəkkəb idi. Yeni planın icrasına başlanıldı.

Kiçik bir yelkənli gəmi icarəyə götürüldü. Dənizçilik təcrübəsi olan altınəfərlik hərbçi və mülki şəxslərdən ibarət ekipaj yaradıldı. Məqsəd sadə və aydın idi: 80 metr dərinlikdə olan 1125 kilometrlik boru xəttini partlatmaq...

Məlum olduğu kimi, "Şimal axını" kəməri Rusiyadan başlayır, Baltik dənizinin dibi ilə Almaniyanın Lubmin şəhərində başa çatır. Kəmər Danimarkaya məxsus Bornholm adasının yaxınlığından keçir. Partlayış da elə burada törədiləcəkdi.

Altınəfərlik ekipaja ukraynalı hərbçi rəhbərlik edirdi. Dörd dalğıcın biri qadın idi. Guya, bu yoldaşlar istirahət məqsədi ilə on beş metrlik gəmini icarəyə götürmüşdülər. Təchizatları da çox deyildi: Naviqasiya cihazı, portativ sonar (ölçü cihazı) və bombalar...

Bombalar çox güclü idi, halbuki daha zəif bombalar da yüksəktəzyiqli boruları məhv etmək üçün kifayət edərdi. Ancaq planın icraçıları işlərini ehtiyatlı tutmuşdular.

Zelenski ikinci plandan da xəbər tutmuşdu. Bu dəfə də Silahlı Qüvvələrin komandanı Zalujniyə xəbərdarlıq etdi. Ancaq Zalujni təhlükəsizlik baxımından hadisəni törədəcək komanda ilə əlaqələrini kəsdiyini bildirdi. Yəni, komanda ilə əlaqə saxlanılıb tapşırığı ləğv etməyə imkan yox idi. Ox yaydan çıxmışdı və hədəfə dəyməsi an məsələsi idi.

Ox hədəfə dəydi. Dörd qaz xəttinin üçü partladıldı. Dalğıclardan biri bombanı əlindən dənizə düşürməsəydi yəqin dörd xəttin dördü də partladılacaqdı. Avropada enerji qiymətləri kəllə-çarxa çıxdı. Bu günün özündə Almaniya təbii maye qaz üçün üzən terminallara gündə 1 milyon dollar xərcləyir. Partlayış planının büdcəsi isə cəmi 300 min dollar idi. Bununla da Rusiyaya və onun qaz ixrac etdiyi ölkələrə külli miqdarda ziyan dəydi.

Almaniya, Danimarka, İsveç və ABŞ partlayışın baş verdiyi zonaya hərbi gəmilər, sualtı dronlar və təyyarələr göndərərək partlayışı tədqiq etməyə başladılar. Almaniyada cinayət işi açıldı. Niderland yenə də imdada yetişdi. Partlayışı həyata keçirən gəmi ilə bağlı məlumatlar ələ keçirilərək Almaniyaya verildi. Alman prokurorlar bu zamana qədər onlarla şəxsdən ifadə almış, dənizin səthini araşdırmış, bank köçürmələrini yoxlamışdı. Bəxt gəmini nəzarətə götürən almanların üzlərinə gülmüşdü. Belə ki, gəmidə ekipaj üzvlərinin əl izləri, DNT nümunələri tapıldı. Üstəlik, partlayıcının da izləri gəmidə qalmışdı. Liman qeydiyyatları axtarıldı və gəminin Almaniya, Danimarka, İsveç və Polşada lövbər atdığı müəyyən edildi. ABŞ rəsmiləri gəmini sifariş verən biznesmenin elektron yazışmalarını məhkəmə qərarı ilə "Google" şirkətindən aldı.

Ancaq həmrəyliyi pozaraq istintaqla əməkdaşlıqdan imtina edən bir ölkə vardı. Bu da Polşa idi. Əslində Polşa polisi gəmi ekipajından şübhələnmiş və onlardan sənəd istəmişdi. Ekipaj üzvləri isə Avropa Birliyi pasportlarını göstərmiş və bundan sonra polis onları buraxmışdı. Ancaq yuxarı dairələr hadisədən xəbərdar idi. Ya da partlayış törədədildikdən sonra günahkarları qorumağa başlamışdılar. Belə ki, almanlar ekipaj üzvlərindən birinin izinə düşdülər. Həmin şəxs dalğıclıq üzrə xüsusi dərslər verən bir mütəxəssis idi. Bu üzv üçün Almaniya məhkəməsi həbs qərarı da çıxartdı. Ancaq Polşa həmin şəxsi Almaniyaya təhvil verməkdən imtina etdi. Bundan başqa Polşa ekipaj üzvlərinin limandakı görüntülərini də istintaqa vermədi.

Almaniyanın əldə etdiyi sübutlar olsa da hadisəni törədənlərin məhkəmə qarşısına çıxardılması siyasi cəhətdən mümkünsüz görünür. Ancaq hadisənin dünya hərb tarixinə düşdüyü və haqqında filmlər çəkiləcəyi şübhəsizdir.

P.S. Məqalə hazırlanarkən "Wall Street journal" qəzetində Bojan Pançevskinin yazısındakı faktlardan istifadə olunub.

Top
0.13408017158508