İstər 44 günlük müharibə olsun, istərsə də sonrakı illərdə birtərəfli qaydada Ermənistanın yanında duran, ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi 30 il Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə "məşğul" olan Fransa anti-Azərbaycan ritorikasını hələ də davam etdirir. Rəsmi Paris ərazi bütövlüyünü bərpa edən Azərbaycanı hədəfə almaqla yanaşı, qarşı tərəfi silahlandırır və revanşizm əhvali-ruhiyyəsini gücləndirir.
Fransanın başladığı anti-Azərbaycan kampaniyası son dövrlərdə daha intensiv xarakter alıb. Təkcə Fransa Prezidenti Emmanuel Makron son bir ildə BMT Təhlükəsizlik Şurası platformasında ən azı beş dəfə Azərbaycana qarşı sanksiyaların tətbiq olunması tələbi ilə çıxış edib. Lakin onun bütün cəhdləri uğursuzluqla nəticələnib. Bu fiaskolar Makronun real və praqmatik siyasətdən uzaq, təsadüfi və populist biri olduğunu daha da möhkəmləndirir.
Siyasətdən uzaq birinin siyasət yürütməsi isə həm Fransa üçün böyük problemlər yaradır, həm də guya "himayə etdiyi" Ermənistanı daha da dalana sıxışdırır.
Bütün bunlara baxmayaraq, regionda qarşıdurma yaratmaq məqsədilə Fransa rəsmilərinin Ermənistana səfərləri davam edir. Bu dəfə ölkənin xarici işlər naziri Stefan Sejurne İrəvana səfər edib. Səfərin iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə yönəldiyi bildirilsə də, əsl hədəf tamam başqadır: Ermənistanı Rusiya orbitindən çıxarmaq. Elə nazirin orada verdiyi bəyanatlar da bunun xəbəridir.
O, Ermənistana 29 milyon dollar yardım ayrılacağını açıqladıqdan sonra vəd edib ki, nəyin bahasına olursa-olsun, Ermənistanı Rusiyanın təzyiqlərindən qorumağa çalışacaq. Nazirin sözlərinə görə, bu vəsait Azərbaycan ərazilərini könüllü tərk etmiş ermənilər üçün nəzərdə tutulub. XİN başçısı həmçinin Fransa və Ermənistanın müdafiə sahəsində əməkdaşlıq edəcəyini qeyd edib. Ardınca bildirib ki, Rusiyanın açıq hədələri və düşmənçiliyinə baxmayaraq, Ermənistan hökumətinə və xalqına dəstək davam edəcək. Onun sözlərinə görə, Ermənistan mərhələli şəkildə demokratiyaya doğru addımlayır.
Digər diqqətçəkən məsələ odur ki, fransalı nazir Moldovaya da səfər edəcək. Bəllidir ki, bu ölkənin Rusiya ilə münasibətləri gərgin olaraq qalır. Nazir səsləndirdiyi bəyanatda Moldova və Ermənistanın demokratiya və müstəqillik yolunda addımladıqlarını, hər iki ölkənin Avropaya doğru addımlamaq istiqamətində təzyiqlərlə üzləşdiklərini vurğulayıb.
Bir faktı da qeyd edək ki, nazirin səfəri üçün tarix təsadüfi seçilməyib. Sentyabr ayı Ermənistanın fəlakətlərinin başlandığı ay kimi yadda qalıb. Məhz 2020-ci il Qarabağda azadlıq müharibəsinin başlandığı ay kimi tarixə düşüb. Eləcə də antiterror tədbirləri məhz 2023-cü il sentyabrın 19-20-də başlayıb. Nəticə də bəllidir. İndi fransalı nazir bu səfəri ilə Ermənistana dəstək göstərmək istəyib. Səsləndirilən bəyanatlar da bunu təsdiq edir. O, Ermənistanın tarixi tərəfdaş və dost ölkə kimi Fransanın yanında olduğunu vurğulayıb. Sejurne müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini də xatırladıb.
Erməni mediası nazirin bu səfərindən sonra Fransa Prezidenti Emmanuel Makronun da Ermənistanın müstəqillik günündə İrəvana səfər edə biləcəyini ehtimal edir. Ermənistan KİV-i yazır ki, səfərin məqsədi Ermənistanın suverenliyinə dəstək nümayiş etdirməkdir. Media xatırladır ki, hələ 2021-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə Fransa lideri ilə danışıqlardan sonra həmin il sentyabrın 21-də onu İrəvanda gözlədiyini bildirib. Lakin səfər indiyədək baş tutmayıb. Fransa prezidenti sonuncu dəfə Ermənistana 2018-ci ilin oktyabrında səfər edib və Frankofoniya sammitində iştirak edib.
Səslənən bəyanatlar və mesajlar onu deməyə əsas verir ki, Makron hökumətinin XİN rəhbərinin səfərində əsas məsələ Rusiya ilə bağlıdır. Bu mesajlar Rusiyaya qarşı fəaliyyətin güclənəcəyini göstərir. "Rusiyanın təzyiqləri qarşısında sizin yanınızda olacağıq" bəyanatı, eləcə də separatçıların tör-töküntülərinə dəstək vədi də bunu deməyə əsas verir.
Azərbaycan Fransanın, xüsusilə Makronun cəhdlərinə etibar etmir. Makronun sözügedən səfəri baş tutarsa, Fransanın əsas məqsədi Ermənistanın yanında olduğunu və Azərbaycana təzyiqləri davam etdirdiyini göstərmək olacaq.
Ehtimal etmək olar ki, indi Fransanın Azərbaycana təzyiq göstərmək imkanı yoxdur. Lakin istisna deyil ki, Fransa Ermənistanın BMT-dəki uğursuzluğundan sonra Avropa İttifaqı səviyyəsində Azərbaycana qarşı qərarlar qəbul etdirmək istəyəcək. Ancaq bu ehtimal da sual altındadır, çünki Azərbaycanın mövqeyinə dəstək verən ölkələr arasında Avropa İttifaqına üzv olanlar da var.
İlk növbədə qeyd etmək lazımdır ki, E. Makronun Ermənistana gözlənilən səfəri Avropada, xüsusilə də Fransada yaşayan erməni lobbisinin təsiri nəticəsində reallaşacaq. Səfərin məqsədi Qarabağda yerləşən terrorçu qruplaşmaları - qondarma rejim təmsilçilərini gücləndirmək və onların silahlandırılmasını təmin etməkdir.
Bu arada, fransalı nazirlə yanaşı, İrəvana erməni lobbisinin əlaltısı olan Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo da gəlib. Qeyd edək ki, bu səfər və keçiriləcək görüşlə bağlı məlumat bir neçə gün əvvəl yayılmışdı. Okampo bir çox məsələ ilə bağlı danışsa da və ermənilərə canıyananlıq edərək xeyli məsləhətlər versə də, diqqəti əsasən Azərbaycanda separatçılıq əməlləri törətdikləri üçün həbs edilmiş xunta rejiminin sabiq "qlavar"larının azad olunmasına yönəldib. Təxminən iki saat davam edən açıq görüşdə argentinalı dələduz "beynəlxalq ədalətə nail olmaq və "Artsax" ermənilərinin geri qayıtmaq hüququnu təmin etmək üçün" ermənilərin rəhbər tuta biləcəyi "yol xəritəsini" təqdim edib. O, "erməni hərbi əsirlər" adlandırdığı şəxslərin sərbəst buraxılması üçün Azərbaycana təzyiq göstərməyin mümkün yollarından danışıb.
Xaricdəki erməni diasporundan külli miqdarda pul aldığı heç kəsdə şübhə doğurmayan Okampo, bir neçə ay əvvəl internetdə başlatdığı "erməni məhbuslar"ın azad edilməsi kampaniyasının kifayət qədər uğurlu olduğunu bildirib. "Bu kampaniyanı 32 ölkədən olan ermənilər dəstəklədi, mən ilk dəfə beynəlxalq səviyyədə əməkdaşlıq gördüm" , - deyən sabiq prokurorun sözlərinə görə, hərəkata təkcə ermənilər deyil, akademik mühitin və universitetlərin nümayəndələri də qoşulublar.
Beləliklə, görünən odur ki, erməni lobbisinin təşəbbüsü ilə baş tutan bu səfərlərin arxasında ciddi hədəflər güdülür. Əgər birinci hədəf hər vəchlə Ermənistanı Rusiyanın orbitindən çıxarmaqdırsa, ikinci hədəf separatizmi gücləndirmək və İrəvanı yeni münaqişələrə sürükləməkdir.
"Report" İnformasiya Agentliyi