kriminal.az
Himalay Məmişov:

"Dörd islahat zərfi çərçivəsində əməkhaqlarının artırılması həyata keçirilib. Ümumilikdə baxsaq, islahat zərfləri çərçivəsində minimum əməkhaqqının məbləği 2,7 dəfə artıb. Sonuncu islahat ilə birlikdə bu məbləğ 3,1 dəfəyə qədər artır".

Kriminal.Az xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov DOST TV-nin efirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əməkhaqqının artımı formal məşğulluğa təsir etmiş olur:

"Əməkhaqqı artdıqca artıq vətəndaşların əməkhaqlarının daha da leqallaşdırılması, məşğulluğun dəstəklənməsi tədbirləri həyata keçirilir. Bunlar DSMF-nin gəlirlərinin artmasına səbəb olur. Eyni zamanda, əməkhaqlarının artması, əməkhaqqı fondunun artması özlüyündə növbəti il üçün əmək pensiyalarının indeksləşdirilməsi göstəricilərini müəyyən edir. Yəni iqtisadi sahədə aparılan islahatın sosial sahəyə təsirini biz görürük".

Sədr əlavə edib ki, təkcə aparılan dörd islahat zərfi çərçivəsində ölkə üzrə əməkhaqqı fondu üç dəfə artıb. Bu, kifayət qədər böyük bir göstəricidir:

"Bununla paralel əmək müqavilələrinin sayı da artıb. Son beş ildə əmək müqavilələrinin sayında 48-50% artım müşahidə edilib. Təxminən 600 000-dən çox əmək müqaviləsi bağlanıb. Bu, dövlətin iqtisadiyyatına ciddi təsir göstərir".

O bildirib ki, son aparılan islahatlar çərçivəsində hər bir parametr üzrə ciddi artım müşahidə edilir:

"Minimum əmək pensiyalarının həcmi 2,9 dəfə, əmək pensiyalarının ortaaylıq məbləği 2,4 dəfə, yaşa görə əmək pensiyaların ortaaylıq məbləği 2,3 dəfə artmış olur. Biz əmək pensiyalarının ortaaylıq məbləğinin cari il üçün ümumi pensiyalar üzrə 535 manat həcmində olacağını, yaşa görə ortaaylıq əmək pensiyasının məbləğinin 571 manat üzərində olacağını planlaşdırırıq".

Aygün Mirakif

Top
0.041942119598389