"Bakı Qlobal Forumu bu dəfə dünyada gedən proseslər fonunda xüsusi əhəmiyyət daşıyır. Ən əsası isə bu forum dünyadakı gözləntiləri doğruldub və mühüm platformaya çevrilib.
Bu dəfə forumda 400-dən çox keçmiş və indiki dövlət, hökumət başçıları, beynəlxalq təşkilatların baş katibləri, qeyri-hökumət təşkilatları və alimlər iştirak edir, fikir mübadiləsi aparırlar".
Bunu Kriminal.Az-a açıqlamasında türkiyəli professor, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabiq baş katibi Ekmeleddin İhsanoğlu deyib.
O, bu forumda diqqətini çəkən məqamlardan danışıb:
"Forumda Afrika qitəsinin daha geniş aspektdə müzakirə edilməsi diqqət cəlb edir. Bu isə Azərbaycanın xarici siyasətində Afrikaya önəm verməyə başladığının təzahürüdür.
Digər bir məqam isə dünya nizamının dəyişməsi ilə bağlıdır. Bu mövzuların da məhz Azərbaycanda müzakirə edilməsi rəsmi Bakının beynəlxalq məsələlərdə irəliləyiş əldə etdiyini göstərir. Prezident İlham Əliyev forumun açılış mərasimində Azərbaycanın dünyadakı yeri və mövqeyindən danışanda da ölkənin neft və qaz sektorunda dünyada söz sahibi bir aktor olduğunu açıq şəkildə izah etdi. Təbii ki, Azərbaycanın bu mövqeyi və nailiyyətləri milli hədəflər, ələlxüsus Qarabağ məsələsi baxımından, həqiqətən də, təqdirəlayiqdir".
Sabiq baş katib Azərbaycanla Ermənistan arasındakı danışıqların mövcud vəziyyətinə də münasibət bildirib:
"Məsələyə daha geniş perspektivdə baxmaq lazımdır. Zaman-zaman bir çox islam ölkələrinin əraziləri böyük güclər tərəfindən əllərindən alınaraq başqa ölkələrə verilib. Hətta həmin bölgələrdə konfliktlər bu gün də davam edir.
Lakin Azərbaycan problem necə yaradılmışdısa, elə də həll etdi. Yəni güclə əlindən alınanı güclə də geri qaytardı. Azərbaycan güclü bir ordu quruculuğuna sahib olmasa və bu ordu müharibədə iştirak edəcək gücdə olmasaydı, Qarabağ problemi bu gün də davam edərdi. Necə ki, Fələstində, Cammu və Kəşmirdə, Şimali Kiprdə bu kimi problemlər davam edir. Amma Azərbaycan problemin necə həll edilməsinə dair gözəl bir nümunə sərgilədi".
Mərahim Nəsib