İsrailin Baş naziri Benyamin Netanyahu sabahkı Nazirlər Kabinetinin iclasının gündəliyindən Yəhudeya və Samariyanın ilhaqı məsələsini çıxarıb.
Kriminal.az -ın "Israel Hayom"a istinadən məlumatına görə, son saatlarda baş nazirin ofisinin nümayəndələri iclasa dəvət olunanlara bildirib ki, İsrail suverenliyinin Yəhudeya və Samariyaya şamil olunması məsələsi müzakirə edilməyəcək.
İclas yalnız Fransanın Fələstin dövlətini tanıması barədə qəbul etdiyi qərarın nəticələrinə və Yəhudeya və Samariyadakı təhlükəsizlik vəziyyətinə həsr olunacaq.
Gözlənilir ki, təhlükəsizlik xidməti Yəhudeya və Samariyada zorakılığın alovlanması təhlükəsi barədə xəbərdarlıq edəcək. ŞABAK (təhlükəsizlik xidməti) isə hökuməti Fələstin Muxtariyyətində iqtisadi böhranın dərinləşməsi nəticəsində siyasi parçalanma və qeyri-sabitlik əlamətlərinin artması barədə məlumatlandıracaq. Bu böhranın yaranmasında qismən İsrailin atdığı addımların da rolu olduğu bildirilir.
ABŞ da Fələstin Muxtariyyətindəki vəziyyəti narahatlıqla izləyir və israillilərlə qapalı müzakirələrdə öz narahatlığını ifadə edir.
Qeyd olunur ki, Netanyahunun ilhaq məsələsini gündəlikdən çıxarmaq qərarı, həmçinin ABŞ-nin təzyiqləri ilə də bağlı ola bilər.
İlhaqdan imtina qərarının isə Netanyahunun koalisiyasında daxili gərginlik yaradacağı, xüsusilə baş nazir ilə onun ultra-sağçı tərəfdaşları arasında fikir ayrılıqlarına səbəb olacağı gözlənilir.
Qərardan cəmi bir neçə saat əvvəl maliyyə naziri Betsalel Smotriç Yəhudeya və Samariya ərazilərinin 82 faizinə dərhal İsrail suverenliyinin elan olunmasını tələb etmişdi.